O, Milli Məclisin 31 may iclasında büdcənin icrası haqda qanun layihəsinin müzakirəsiz səsverməyə çıxarılmasını pisləyib: “Çox təəssüf, bəzi insanlar fikirləşirlər ki, parlamentin eybəcər görünüşünü yaratmaqla prezidentə və iqtidara layiqli xidmət etmiş olurlar. Amma seçki ərəfəsidir, dünyanın gözü bizdədir. Bizim bədxahlarımız az qala zərrəbinlə Azərbaycanda nöqsanlar axtarırlar. Təsəvvür edin ki, büdcənin qəbulu və onun icrasına nəzarət dünyanın hər bir ölkəsində parlamentin müzakirə etdiyi ən vacib məsələdir.
Mən dəfələrlə çıxış üçün düyməni basdım, amma adım yazılmadı. Ümumiyyətlə elektron şəbəkə ayrılmışdı. Mənim iradımdan sonra hələ məni bir az da şərlədilər ki, niyə təkidlə söz istəmədim. Buna görə məni günahkar çıxarmaq tamamilə ayıb olan bir məsələdir.
Guya mən jurnalistlərə müraciət etdim ki, siz bu məsələdən yazın. Mən sadəcə vurğuladım ki, Azərbaycan mətbuatı burada iştirak edir, xalq bizə baxır, beynəlxalq ictimaiyyətin diqqətindəyik. Belə bir məsələnin müzakirədən keçirilməməsi doğru deyil. Bu cür hallar beynəlxalq birlikdə Azərbaycan parlamenti haqqında, ölkəmiz haqqında hansı təsəvvürləri yaradır? Biz beynəlxalq təşkilatların tədbirlərinə gedəndə onlar da başlayırlar bu formada ünvanımıza ittihamlar söyləməyə. Büdcə müzakirəsi olanda da tənqidi fikirlər söylənilir. Guya burada iki-üç tənqidi fikrin olması nəyi dəyişəcəkdi ki?
Parlament rəhbərliyinə daxil olan bəzi şəxslərin üç-dörd məmura yarınmaq cəhdi ümumən parlamentin nüfuzuna ciddi şəkildə ziyan vurur. Belə olduğu təqdirdə onlar əslində prezidentə “ayı xidməti” göstərmiş olurlar. Bu cür müzakirələrə imkan verməməklə şəxsi maraqlar önə çəkilir, amma parlamentin imici barədə heç kim düşünmür. Bu həqiqətləri deyəndə isə çox təəssüf ki, etikadan kənar cavab verilir və o cür formada deputatların üzərinə sanki hücum olunur”.