Şabunçu rayonunun polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə fevralın 4-də saat 08 radələrində qeydə alınıb.
Belə ki, paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadın cinsindən olan naməlum piyadanı vurub hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri, eləcə də vəfat etmiş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.