YeniMeydan.info: "Son vaxtlar ölkəmizdə günbəgün artan intihar hallarının qarşısını almaq üçün cəmiyyətdə ümidverici bir mühitin yaradılmasına ehtiyac var”.
Bu sözləri BakiPost.az-a deputat Fazil Mustafa Azərbaycanda intihar hallarını çoxalma səbəblərini və çıxış yollarını şərh edərkən deyib.
Onun sözlərinə görə, dövlətin müəyyən imkanlarını doğru istiqamətə yönləndirmək vacibdir ki, ayrılan vəsaitlər insanlar üçün əlçatan olsun: "Bu həm də insanların müəyyən dərəcədə iradə zəifliyi və pessimistliyi ilə də bağlı məsələdir. Cəmiyyətdə ümidverici bir mühitin yaradılmasına ehtiyac var. Həm maddi, həm də mənəvi mənada sabaha inam azaldıqca insan son varianta əl atır. Bu baxımdan da insanınla, vətəndaşınla maraqlanmaq lazımdır. Cəmiyyətdə öz insanıyla ayrı-ayrılıqda maraqlanma kimi bir ab-hava yoxdur. Ona görə də hər kəs özünə qapanmağa daha çox üstünlük verir. Məsələn, qonşunun qonşudan, varlının yoxsuldan xəbəri olmur. Nəticə də buna gətirib çıxarır.
Lakin qarşısını almaq üçün konkret olaraq vətəndaşın probleminə əl uzatmaq lazımdır. Bunun üçün də dövlətin müəyyən imkanlarını doğru istiqamətə yönləndirmək vacibdir ki, ayrılan vəsaitlər əlçatan olsun. Çünki insanların bir qismi məhz bu vəsaitləri ala bilmədikləri üçün öz həyatları ilə vidalaşmaq məcburiyyətində qalırlar”.
Fazil Mustafa bildirib ki, intihar hallarının qarşısını almaq üçün ilk növbədə onun səbəblərini, insanları depressiyaya salan vəziyyəti müzakirə etmək lazımdır: "O tələbləri ortadan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır. Məsələn, bir qismi bank krediti ilə bağlıdır. Bu kredit məsələsi mütləq çözülməlidir. Bir qisim insanların isə intiharı işsizlik və yoxsulluqla bağlıdır. O problemlər ki, bəzən müəyyən sosial siyasətin düzgün aparılmaması nəticəsində ortaya çıxır. Onu həll etmək lazımdır.
Onsuz da intihar hər ölkədə olur. Amma Azərbaycanda artıq bunun kütləviləşməsi müşahidə olunur. Böyük əksəriyyəti də sosial problemlərlə bağlıdır. Həmçinin havadan və xəstəlikdən yaranan depressiyalar da var.
Bundan başqa, məcburi tibbi sığorta olmadığı üçün xəstələrin müalicə imkansızlığı da var. Bu məsələlərin hamısı ciddidir. İntiharları yaradan səbəblərin ortadan qaldırılması üçün ciddi bir dövlət siyasəti işlənib hazırlanmalıdır”.