YeniMeydan.info:Bəzi KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisdə jurnalistlərin sıxışdırılmasından yazılıb. Bu məlumatlarda qeyd edilir ki, vitse-spiker Bahar Muradova və mətbuat katibi Akif Təvəkküloğlunun iştirakı ilə keçirilən toplantıda jurnalistlərə müəyyən qadağalar qoyulub. İddia olunur ki, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin parlamentin foyesində sərbəst hərəkəti qadağan edilib, jurnalistlər Milli Məclisdə deputatlara yaxınlaşıb müsahibə almaq istəyən zaman mətbuat katibliyi onlara əngəllər yaradır.
Modern.az saytı yazılanlarla əlaqədar parlament jurnalistlərinin fikirlərini öyrənib.
Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Milli Məclisdə akkreditə olunan jurnalistlərin fəaliyyətinə heç bir maneçiliyin olmadığını bildirib.
“Bunu parlamentdə akkreditə olunan jurnalistlərin hər biri bilir. Sadəcə, texniki məsələlərdə müəyyən çatışmazlıqlar var. Ona da Milli Məclisin rəhbərliyi və mətbuat xidməti söz verib ki, aradan qaldırılacaq. Bu da kompüter çatışmazlığı ilə bağlıdır. Parlamentdə akkreditə olunan 40-50 jurnalist özləri üçün kompüter tələb edir. Təbii ki, bu, bir az mümkün olan məsələ deyil. Amma Milli Məclisin rəhbərliyi qeyd edib ki, bu məsələ müsbət həll ediləcək. Ümumən heç bir problem yoxdur.
Bir neçə dəfə təhlükəsizlik məsələləri ilə və xaricdən gələn qonaqlarla bağlı jurnalistlərə müəyyən tövsiyyələr edilib. Bundan başqa heç bir digər qadağanın şahidi olmamışam. Düşünürəm ki, bizim Parlament Jurnalistləri Birliyi hər hansı bir qanunazidd tövsiyyəni qəbul etməyəcək. Əgər parlamentdə akkreditə olunan jurnalistlər jurnalist kimi deyil, başqa cür fəaliyyət göstərmək istəyirsə, nəinki Milli Məclisin rəhbərliyi, biz də buna qarşıyıq və belə hallara maneçilik törədəcəyik. Çünki dəfələrlə Milli Məclisdə məsələ qaldırıb, reketçiliklə məşğul olan jurnalistlərin çıxarılmasını tələb etmişik. Hətta öncəki illərdə 50-dən artıq jurnalistin akkreditasiyasına mane olmuşuq. Hər halda, cəmiyyətdə jurnalistə münasibətimiz necədirsə, parlamentdə də elədir. Onu da qeyd etmək istərdim ki, jurnalistlərə ən açıq qurumlardan biri Milli Məclisdir. Bunu heç kim dana bilməz”.
“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan deyib ki, parlamentdə akkreditə olunan jurnalistlərə hər hansı bir qadağanın qoyulmasından söhbət gedə bilməz.
“Həmin iclasda bir çox jurnalist iştirak edib. Onlar da etiraf edə bilər ki, həmin iclas zamanı elə bir şey olmayıb. Orada səmimi söhbət gedirdi. Milli Məclisdə jurnalistlərin fəaliyyətinin daha da yaxşılaşdırılmasına görə çoxlu işlər görülür. Heç bir qadağa nəzərdə tutulmayıb. Hətta həmin iclas zamanı Bahar Muradova və Akif Təvəkküloğlu dedi ki, “hansısa deputatdan müsahibə almaq, açıqlama götürmək istəsəniz, bizə deyin, sizə şərait yaradaq”. Qadağanın qoyulmasını kim yazıbsa, yalandan yazıb. Hətta həmin iclas zamanı jurnalistlərin bir xahişi oldu ki, jurnalistlər üçün komputerlərin sayı artırılsın. Ona da Milli Məclisin rəhbərliyi və mətbuat xidməti söz verib ki, bu problem yaxın vaxtlarda aradan qaldırılacaq”.
Modern.az-ın parlamentdə qeydiyyatdan keçmiş redaktoru Aqşin Kərimov tam əminliklə deyir ki, jurnalistlərə Milli Məclisdə deputatlardan açıqlama və ya müsahibə alması üçün heç bir əngəl yaradılmayıb.
“Şəxsən mən özüm parlamentin iclasları keçirilən günlərdə müsahibə götürmək istədiyim deputatlara yaxınlaşıram və rahat şəkildə suallarımı ünvanlayıram. Milli Məclisin fevral ayının 1-də keçirilmiş iclasında bir deputatdan açıqlama, ikisindən isə müsahibə almışam. Və heç kim də mənə “müsahibə alma” deməyib. O başqa məsələ ki, bəzi deputatlar müsahibədən qaçırlar. Bunun isə hər hansı bir qadağa ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə olaraq, onlar mətbuata danışmaq istəmirlər və hansısa səbəblərdən çəkinərək jurnalistlərə açıqlama vermirlər”.
“Yeni Azərbaycan” qəzetinin parlamentdəki əməkdaşı Nardar Bayramlı da Milli Məclisdə jurnalistlər üçün hansısa qadağa tətbiq olunmasından xəbərsizdir.
“Biz fevralın 1-də Milli Məclisin yaz sessiyasının iclasında iştirak etdik. Həmişəki qaydada. Əksinə, Milli Məclis rəhbərliyi, o cümlədən Bahar xanım jurnalistələrə hər zaman diqqətlə yanaşır. Söhbətlərimiz zamanı parlamentdə jurnalistlərin iş şəraitinin daha da yaxşılaşdırılması baxımdan KİV nümayənədlərinin təklifləri dinlənilir və əksəriyyəti nəzərə alınır. Hər hansı qadağadan isə söhbət getmir”.
“Türküstan.info” saytının parlamentdə akkreditə olunmuş baş redaktoru Aqil Camal Milli Məclisdə jurnalistlərə hər hansı qadağanın qoyulması barədə iddiaları rədd edib:
“Bu günlərdə Bahar xanımın iştirakı ilə Milli Məclisdə akkreditasiya olunan jurnalistlərlə yaz sessiyasının başlaması ərəfəsində görüş keçirildi. Həmin görüşdə Milli Məclisdə jurnalistlərin işinin daha da yaxşılaşdırılması üçün onların müəyyən təklifləri dinlənildi. Mən də həmin görüşdə iştirak edirdim. Görüş zamanı həmkarlarım onları narahat edən məsələlər barədə danışdılar. Orada kompüterlərin sayının artırılması ilə bağlı məsələ qaldırıldı. Bu məsələnin də həll edilməsi üçün Milli Məclisin rəhbərliyi və mətbuat xidməti müvafiq addımların atılacağına söz verib. Müəyyən jurnalistlər var ki ora, parlamentin fəaliyyətini işıqlandırmaq üçün yox, öz şəxsi mənafeyini işıqlandırmaq üçün gedirlər. Orada məsələlər bununla bağlı olub. Jurnalistin hər hansı bir deputatla, komitə sədri ilə müsahibə, açıqlama almasında isə heç bir problem yoxdur. Orada da deyildi ki, kimin bu məsələ ilə bağlı qarşılaşdığı bir problem varsa, Milli Məclisin mətbuat xidmətinə müraciət edə bilər. Amma jurnalistlərin Milli Məclisdə fəaliyyəti ilə bağlı heç bir problem yoxdur”.
“Report” İnformasiya Agentliyinin əməkdaşı İlkin Pirəli deyib ki, onda Milli Məclis sədrinin müavini Bahar Muradovanın və parlamentin mətbuat katibi Akif Təvəkküloğlunun media nümayəndələrinə qadağa qoyması ilə bağlı məlumat yoxdur.
“ Parlament müxbiri kimi Milli Məclisin plenar və komitə iclaslarında iştirak edirəm. Doğrusu, hər hansı ciddi qadağa ilə qarşılaşmamışam. Jurnalistlərin fəaliyyətinə qadağanın qoyulması doğru olmaz, həm də bu, mümkün də deyil. Sadəcə, bəzi məsələlərlə bağlı tövsiyə xarakterli nələrsə deyilə bilər, bunu qadağa kimi qəbul etmək olmaz”.