Son iki gündə paytaxtda yağan aramsız qar şəhər sakinlərinin həyatını iflic etməklə yanaşı, onların bəzi hallarda yıxılaraq müxtəlif dərəcəli zədələr almasına səbəb oldu. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Modern.az-a verdiyi məlumata görə, yolların buzlaması və sürüşkən mərmərlər səbəbilə 42 nəfər müxtəlif dərəcəli travmalar alaraq xəstəxanlara yerləşdirilib.
Doğrudan da Bakıda park, bağ, səki, mağaza, yeraltı və yerüstü piyada keçidlərinin giriş-çıxışları və digər obyektlərin qarşısına, pilləkənlərə tamet daşlar əvəzinə, sürüşkən mərmər üzlüklər döşəməklə, əlavə problemlər yaradıblar. Yəqin bunu edənlər qarlı havaları düşünməyiblər.
Maraqlıdır, günü-gündən gözəlləşən Bakının bu eybinin əsas səbəbkarı kimdir? Bu problemdən yaxa qurtarmağın yolları nədir?
İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bu suallara aydınlıq gətirib. O qeyd edib ki, neft pullarının ölkəyə sürətlə axdığı vaxtlarda şəhərdə çox böyük quruculuq və abadlıq işləri aparılıb:
“Təəssüf ki, bu abadlıq işləri aparılarkən bütün diqqət vizual effektə yönəldi. Şəhərin ümumi vizual görünüşündə gözəl mənzərə yaransın deyə səkilərdə, parklarda mərmər örtüklərdən istifadə edilməyə başladı. Doğrudur, bu mərmər örtüklər vizual olaraq çox gözəl görünür. Amma xüsusilə qarlı-yağışlı havalarda mərmərlərin insanların rahatlığı üçün heç də uğurlu seçim olmadığını görürük.
Məhz bu sürüşkən mərmərlər çox sayda insanın yıxılaraq müxtəlif dərəcəli travmalar almasına səbəb olub. Rəsmi statistikanı araşdırsanız və xəstəxanlara müraciət etsəniz görəcəksiniz ki, onlarla insan belə havalarda müxtəlif dərəcəli xəsarətlərlə müraciət ediblər”.
İqtisadçı bildirib ki, bu cür layihələrin həyata keçirilməsi zamanı vizual görünüşülə yanaşı, səmərəliliyi düşünülsə və xarici təcrübələr öyrənilsəydi, daha effektli olardı:
“İnsanlar bu cür hava şəraitində hər an yıxılmaq təhlükəsilə qarşı-qarşıya qalmazdılar. Təəssüf ki, bu baş vermədi. Böyük neft pullarının ölkəyə axdığı vaxtlarda ağına-bozuna baxmadan çox bahalı layihələr həyata keçirildi. Bahalı mərmər daşlardan istifadə də məhz bu layihələrin tərkib hissəsi idi.
Bu gün yaşanan problem, həmin layihələrin icrası zamanı həm dizayn, həm də effektivlik nəzərə alınmadığının nəticəsidir. Mən təəssüflə qeyd etmək istəyirəm ki, bir müddət sonra məcburən bu məsələyə yenidən baxılması lazım gələcək və bəzi örtüklərin dəyişdirilməsinə ehtiyac yaranacaq. Bu da öz növbəsində büdcəyə əlavə xərc olacaq. Bakı şəhərinin infrastrukturunun yenilənməsi üçün milyonlarla vəsait ayrıldığı hamıya bəllidir. Həmin vəsaitin böyük bir hissəsi də parkların salınmasına, yolların yenidən quraşdırılmasına sərf edilir. Bu günə qədər Bakı şəhərində 2 min kilometrdə qədər belə işlər həyata keçirilib ki, bu da böyük bir həcmdir. Təəssüf ki, dəqiq rəqəm söyləmək çox çətindir. Çünki bu, büdcədə ayrıca xərc maddəsi kimi qeyd edilməyib”.
N.Cəfərli yaranmış problemdən dolayı müxtəlif qurumların bir-birini ittiham etməsi məsələsinə də aydınlıq gətirib:
“Ölkədə səlahiyyət bölgüsü çox böyük problemdir. Əgər Azərbaycanda digər inkişaf etmiş ölkələrdə olduğu kimi, böyük şəhər bələdiyyəsi yaradılsa və bütün şəhər təsərrüfatını üzərinə götürsəydi, məsuliyyət də həmin qurumun üzərinə düşərdi. İndi Bakı şəhərində yalnız İcra Hakimiyyəti fəaliyyət göstərir. Ona görə də bütövlükdə məsuliyyət Bakı Şəhər İcra Hakimiyyəti və Hacıbala Abutalıbovun üzərindədir. Amma şəhərdə müəyyən ərazilər var ki, müxtəlif nazirliklər və dövlət idarələrinin nəzarətindədir. Bu da imkan verir ki, məsuliyyəti bir-birilərinin üzərinə atsınlar. Bu isə effektiv idarəetməni xeyli zəiflədir. Ən azından hamımıza bəllidir ki, parklarla və səkilərlə bağlı məsələlərə meriya cavabdehdir”.