“Gündəlik olaraq 103 xidmətinə 2000-dən çox çağırış daxil olur. Hətta bayram günlərində bu rəqəm daha da artıb”.
Bu sözləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva həmin qurumda keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, stansiyaya keçən il ərzində 681 mindən artıq ümumi müraciət daxil olub ki, onlardan 63 mindən çoxunda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı isə 83 mindən çox olub:
“Ötən il ərzində çox ağır vəziyyətdə olan 2000-dən çox xəstənin həyatı xilas olunub. Ayrı-ayrılıqda statistikaya nəzər saldıqda isə insultla 3300, doğuşla bağlı 3310 müraciət daxil olub. Avtoqəza zamanı xəsarət alanların sayı isə 2420 nəfərdir. Evdə doğuşlarla bağlı 2015-ci ildə 100, 2016-cı ildə isə 68 çağırış daxil olub. Çağırış əsasında ana və uşaq xəstəxanaya yerləşdirilib”.
Konfransda yanlış çağırış və təcili yardım maşınlarının gecikməsi ilə bağlı suallar da cavablandırılıb:
“Artıq nəzarət olduğu üçün yanlış çağırışların sayı xeyli azalıb. Daha çox qəfləti xəstəliklərə görə müraciət daxil olur. Başlıca yeri ürək-qan damar xəstəlikləri tutur. Biz birinci növbədə təcili, daha sonra təxirəsalınmaz çağırışlara gedirik. Təxirəsalınmaz çağırışlara həkimlərimiz 1 saat ərzində çatmalıdır. Bayram günləri çağırışların sayı xeyli artıb. Ancaq çalışmışıq ki, heç bir zəng cavabsız qalmasın. Qış aylarında soyuqdəymə ilə bağlı çağırışlarda hər zaman artım olur”.
Son olaraq bildirilib ki, çağırış verən şəxslərin öz ünvanını bilməməsi həkimlərin evlərə vaxtında çatmasına mane olur. Bu səbəbdən də artıq müəyyən təklif paketi hazırlanıb:
“Çox vaxt çağırış verən şəxs öz ünvanını bilmir. İndi biz təklif vermişik ki, zəng gələn telefona əsasən xəritəylə ünvanı tapa bilsin.
Bundan başqa, artıq tibb maşınlarının salonlarında kamera quraşdırılacaq. Bunun əsas səbəbi isə xəstələrlə həkimlər arasında yaranan hər hansı bir narahatlığın aradan qaldırılmasıdır. Tibb maşınlarına yol verməyən sürücülərlə mübarizə aparmaq üçün tibb maşınlarının ön şüşəsində kameralar yerləşdiriləcək. Yol verməyən maşınlar qeydiyyata alınacaq”.