“Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti analiz etsək, görərik ki, məsələ heç də ürəkaçan deyil. Çox sayda məhkəmə qərarları icra olunmamış qalır. Bunun təbii ki, obyektiv səbəbləri də var”.
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev "İcra haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, məhkəmə qərarlarının icra olunmamasının səbəblərindən biri də, iş yükünün həddindən artıq çox olması ilə bağlıdır.
“Məndə qeyri-rəsmi rəqəmlər var. Təkcə bu il 700 min iş icraata götürülüb. 700 min işin icrası ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil”-deyə o bildirib.
Azay Quliyev qeyd edib ki, bu problemlərin həllini təmin etmək üçün bu qanuna edilən dəyişikliklər çox önəmlidir.
“İcra məmurunun konkret olaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar vəziyyətə adekvat səlahiyyətə malik olması problemi həll edəcək. Bu, hakimlər üzərində düşən yükü də azaldacaq. Məsələyə kompleks yanaşmaq lazımdır. Məhkəmə qərarları icra olunmursa, bunun 2 mənfi nəticəsi olur. İlk olaraq vətəndaşlar bundan əziyyət çəkir. Vətəndaşlar məhkəmə qərarlarının icra olunmamasından şikayət edir.
Digər tərəfdən isə məhkəməyə olan inam sarsılır. Buna görə də, məhkəmə qərarlarının iclası qeyri-şərtsiz olmalıdır və məcburi xarakter daşımalıdır. Hesab edirəm ki, bu dəyişiklik məhkəmə qərarlarına nəzarət üzrə dövlət qurumlarının səlahiyyətlərini genişləndirəcək. Təklif edirəm ki, aidiyyatı qurumlar məhkəmə qərarlarının icrası ilə bağlı mövcud vəziyyəti analiz etsinlər. Kredit faizləri ilə bağlı çoxlu sayda məhkəmə qərarı var ki, icra olunmur. Bunun sosial və hüquqi tərəfləri təhlil edilməlidir. Ədliyyə Nazirliyi və digər qurumlar koordinasiyalı şəkildə fəaliyyətlərini qurmalıdırlar”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.