Azərbaycan Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin meyidinin fotolarının yayılmasına münasibət bildirib.
Erməni tərəfi əvvəlcə meyidin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyidinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.
Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edilib.
Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.
Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun meyidinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir.