Bu gün Azərbaycan insanı hər addımda aldadılır. Yediyimizin, içdiyimizin, geyindiyimizin keyfiyyətinə kimsə cavabdehlik daşımır. Daşıyanlar da gözdən pərdə asırlar. Əhali arasında nə isə hərəkətlilik hiss edəndə “hər şey nəzarət altındadır” deməklə işi bitirirlər.
Ən yaxşı halda isə “bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Filan quruma, nazirliyə müraciət edin” şablon cavabları ilə məsuliyyəti üzərilərindən atırlar. Ona görədir ki, əyin-baş almaq üçün müraciət etdiyimiz satıcılar “türk malıdır”, “Polşadan gətirmişik”, “əsl Rusiya istehsalıdır” deyib ən yaxşı halda elə paytaxtın özündə, sexlərdə hazırlanmış kostyumları, ayaqqabıları, çantaları, köynəkləri və digər bu qəbildən olan geyimləri bizə sırıyırlar. İstehsalçı özümüz, satan özümüz, alan özümüz, amma adı xaricilərin olur... Biz niyə özümüz ola bilmirik ki? Olmazmı ki, elə istehsal edilən geyim növləri Azərbaycan brendi kimi təqdim olunsun? Ölkə başçısı İlham Əliyevin "Made in Azerbaijan" brendinin yaradılaraq xarici bazarlarda təşviqinə göstəriş verməsi, bununla bağlı sərəncam imzalaması niyə gözardı edilir?
“Zara”da 800 manat, “Fason shop”da 100 manat ...
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, cəmiyyətdə problemlər olanda onun səbəbini qanunlarda axtarmaq lazımdır:
“Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə istehlakçı siyasəti çox zəifdir. Biznes strukturları dövlət tərəfindən yaradılmış şəraitdən sui-istifadə edirlər. İş o yerə gəlib çıxıb ki, “Sahil” metrosunun yaxınlığında saxta üst geyimləri satılan “Fasion shop” mağazası açılıb. Məsələn, vətəndaş “Zara”da 800 manata gördüyü paltonun saxtasını həmin mağazada 100 manata alır. Həmin saxta paltonun üzərində də “Zara”nın yarlığı olur. Dünyanın heç bir ölkəsində baş verməyən hadisə Azərbaycanda baş verir və “Fasion shop” saxta mal satdığını özü etiraf edir. Bundan başqa “1-ə 1” adlanan mağaza da bu cür üsulla fəaliyyət göstərir. Buna cavabdeh olan dövlət orqanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti seyrçi mövqedədir. 144 ştatla 9 mərtəbəli binada oturublar, dövlətdən maaş alırlar, əslində isə heç bir iş görmürlər. Biz bu siyasətlə qətiyyən razı deyilik. Hökumət öz üzünü mütləq istehlakçılara doğru çevirməlidir. Biz bu məsələlərlə bağlı Azad İstehlakçılar Birliyi olaraq dövlətin ən ali orqanları ilə görüşlər keçirməyi nəzərdə tutmuşuq”.
Bəs ən naşı alıcı saxta və brend malı necə fərqləndirə, onun həqiqətən də xarici yaxud yerli istehsal olduğuna əmin ola bilər?
Hüquq müdafiəçisi deyir ki, istehlakçı aldığı malın sənədlərini tələb etməlidir: “Satıcı da həmin sənədləri göstərməyə borcludur. Bir daha qayıdırıq istehlakçı hüquqlarına. Ölkədə qanunlar dəyişməlidir. Azad İstehlakçılar Birliyinin pis işləməsi də önə çəkilməlidir. İstehlakçı hüquqlarını qoruyan yüzlərlə təşkilat olmalıdır”.
Saxta markaların məkanı: “Sədərək” və “Şərq bazarı”
E.Hüseynov qeyd edir ki, “Şərq bazarı”, “Sədərək yarmarkası”na getsək, orada ayrıca etiketlərin satıldığını görərik:
“Azərbaycanda istehsal olunan ayaqqabıların 50 faizindən çoxu xarici brend adı altında satılır. Onlara vurulan markalar da elə ölkədə istehsal edilir. Etiketin hazırlanması çətin bir şey də deyil. Baxmayaraq ki, Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin tandılması ilə bağlı siyasi iradəsi var. Ölkə başçısının bu əhəmiyyətli çağırışlarına nə ictimaiyyət, nə dövlət orqanları adekvat iş görür və nə də dəstək verir. Azad İstehlakçılar Birliyi hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş layihə həyata keçirir. Dekabrın 29-da Siyəzəndə bununla bağlı seminar keçirəcəyik və ölkə rəhbərinin çağırışlarına dəstək verəcəyik.
Məsələ onda deyil ki, yerli mal pisdir, məsələ burasındadır ki, istehlakçı aldadılır. Azərbaycan məhsulu öz adı ilə istehsal olunmalı və Azərbaycan brendi ilə dünyaya tanıdılmalıdır. Təəssüflər olsun ki, biznes qurumları yerli malı xarici mal adı altında satır və Azərbaycan məhsullarının dünyada tanıdılmasının qarşısını alır”.