Hüquq-mühafizə orqanları Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Aslan Azmi Gülerin 15 yaşlı qızının müəmmalı ölümü ilə bağlı bütün versiyaları araşdırır.
“Sputnik” agentliyinin Nəsimi polisindən əldə etdiyi məlumata əsasən qızın özünü yaşadıqları binada pəncərədən ataraq öldürməsi hələ təsdiqlənməyib. İstisna deyil ki, o, bədbəxt hadisə nəticəsində ölüb, yaxud hadisənin qəsd olduğu da istisna olunmur.
Xəbər verildiyi kimi 2001-ci il təvəllüdlü Şəvval Ummuxan Arslan qızı Günlər, özünü Sarabski küçəsindəki 16 saylı, 14 mərtəbəli evin 10-cu mərtəbəsinin pəncərəsindən atıb. Araşdırma zamanı məlum olub ki, qız Türkiyənin Azərbaycandakı səfirliyinin gömrük rejiminə cavabdeh müşaviri Arslan Əzmi Günlərin qızıdır. Bu intihar faktı ilə bağlı əvvəlcə başqa versiya səslənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədbəxt hadisənin qurbanı olduğunu düşünürlər.
Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri deyiblər: "Biz hadisənin baş verdiyi yerə — uşaq otağına baxış keçirdik. Qızın yıxıldığı pəncərə ilə döşəmə arasındakı məsafə çox qısadır və pəncərə şəhərin mərkəzi hissəsinə açılır. Ehtimal edilir ki, qız Bakı gecəsinin işıqlarına tamaşa etmək üçün pəncərədən bayıra baxırmış və bu vaxt müvazinətini saxlaya bilməyərək yerə düşüb. Həmin otağın döşəməsi sürüşkəndir, Şəvval Ummuxan isə həmin vaxt corabda olub".
Türkiyə vətəndaşının ailəsi qızı intellektual kimi xarakterizə edib. O, dərslərini yaxşı oxuyurmuş və valideynləri ilə çox isti münasibəti varmış. Buna görə də, valideynləri heç cür anlaya bilmirlər ki, yeniyetməni intihara nə vadar edə bilərdi. Hadisənin baş verdiyi yerdə qızın bu hərəkətini izah edə biləcək heç nə tapılmayıb.