Mərkəzi ofisi Təbriz şəhərində yerləşən “Arannyus” internet saytı Şeyxülislamı sərt şəkildə tənqid edib. Məqalədə QMİ sədrinin İrana səfəri zamanı ölkədə dini vəziyyətlə bağlı faktları gizlətdiyi və ölkədə olan dini zəmində problemlərə göz yumduğu qeyd olunur. Sayt Şeyxin İran jurnalistlərinə bu barədə açıqlama verəcəyini gözlədiyini yazır. Sitat: “Allahşükür Paşazadə İslam Şurası Məclisinin rəhbəri Əli Laricani ilə görüşündə deyib: “Azərbaycanda heç vaxt Quranı, ənənəvi İslamı təbliğ edənlərin problemi olmayıb. Problem ifratçılar ve ifratçılıqla bağlı olub ki, bu da dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından baş verib. Gərək heç kim cızığından çıxmasın”.
Azərbaycanlı şeyx bu sözləri elə bir halda deyir ki, hazırda ölkədə 200-ə yaxın islamçı hökumətin islamofobiya siyasətlərinə etiraz etdiklərinə görə həbsxana cəzası çəkirlər. İran jurnalistlərinin QMİ sədrindən sualı budur ki, siz məscidin sökülməsinə, hicabın qadağasına, fahişəliyin qanuniləşməsinə, televiziya kanallarından azanın səslənməsinin qadağasına, Aşura gününün tətil olmamasına, hökumətdə korrupsiyaya və bu qəbildən olan məsələlərə etiraz edənləri, ifratçı hesab edirsiniz? Ümidvarıq ki, QMİ sədri İrandan qayıtmazdan öncə İranın azərilər yaşayan məntəqələrinin media fəallarının bu sualına aydın cavab verəcək”.
Sayt qeyd edir ki, QMİ sədri Allaşükür Paşazadənin İrana səfəri və onun səmimi qarşılanması Azərbaycan Respublikasının daxildə və xaricdə yaşayan islamçılarının bərk etirazı ilə qarşılanıb. Ancaq konkret kimlərin və hansı dairələrin narazı qaldığı yazıda qeyd olunmur. Aydın görünür ki, yazının məqsədi məhz sonuncu nöqtəni, yəni Şeyxin İran səfərindən bir çox dindarların razı olmadığını göstərməkdir. Məsələ ondadır ki, “Arannyus”un yazısında qeyd olunduğu kimi, Şeyxin son bir neçə ildə baş verən hadisələr zamanı susması Azərbaycanda da tənqidlərə səbəb olub, QMİ sədri dəfələrlə qınanıb. Həmin vaxt və bu günə qədər “Arannyus” kimi saytlar bu məsələdə İran hakimiyyətinə çağırışlar ediblər. Ancaq indi Şeyxin İrana gedib və yüksək səviyyədə qarşılanması istər-istəməz narazılıq doğurub və bir çoxları incik düşüblər. “Yeni Müsavat” bir qədər əvvəl də İran hakimiyyəti daxilində Azərbaycana münasibətdə iki xəttin mövcud olduğu haqda yazdı dərc edib. Həmin yazıda qeyd olunurdu ki, İranda bir qrup siyasətçilər Azərbaycana qarşı təzyiq və basqıların tərəfdarıdır, o cümlədən İslami hərəkatın tam dəstəklənməsini istəyirlər. Ancaq eyni zamanda Azərbaycanla mülayim xəttin tutulmasını istəyən qüvvələr də var. Görünür, Təbrizdə yerləşən sayt məhz birinci qrupa yaxındır və zaman-zaman Azərbaycan hakimiyyətinə qarşı çağırışlar edib. İndi isə Tehranın Bakıdan gələn elçinin (özü də bu Şeyx olduğu halda –H.) yaxşı qarşılaması İranın özündəki Azərbaycana təzyiq yolunu dəstəkləyən xəttin narazılığına səbəb olub. Saytın yazıdğı yazının verdiyi mesaj da bundan ibarətdir ki, həm Azərbaycanda, həm də İranda bir çoxları bu səfəri və qarşılanmanı heç də “xoş” görmürər.
Hüseyn