Hal hazırda Bərdə rayonunda əhaliyə təbii qazın verilməsində vəziyyət qismən sabitdir. Havaların isti keçməsi səbəbindən əhalinin təlabatının aşağı düşməsi az məsrəfə səbəb olur. Belə olan təqdirdə, Qaz İstismarı İdarəsi də əhaliyə verilən təbii qazın təzyiqini orta sabit saxlamaqla vəziyyətdən çıxmağa çalışır.
Bu barədə rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, Qaz İstismar İdarəsinin müdiri qışda insanlara daha çox zülm edir. Havaların soyumasından sonra verilən qazın təzyiqinin aşağı endirilməsi insanları çətin vəziyyətə salır. Deyilir ki, qış aylarında evlərə təbii qazın verilməsi zamanı hətta təhlükəli durumlar yaşanır. Belə ki, aşağı təzyiqlə verilən qaz bəzən kəsilir ki, bu da borulara havanın yığılmasına gətirib çıxarır. Nəticədə, yenidən qaz verilən zaman borularda qalmış hava kütləsi evə dolur. Hətta bəzən belə hallar da baş verir ki, gecə saatlarında təbii qazın verilişi dayandırılır. Məsələdən xəbərdar olmayan bərdəlilər isə gecə evlərini qızdırmaq üçün qazı açıq saxlayırlar ki, belə hallarda təbii qaz axını yaranır və evlərə dolur. Bu da insanların ölümünə və ya zəhərlənməsinə gətirib çıxarır. Məlumatlara görə, son illər Bərdədə təbii qazın sızması nəticəsində baş verən bədbəxt hadisələrin sayı xeyli artıb. Bunun baş verməsinin bir başqa səbəbi də Bərdə rayon Qaz İstismarı İdarəsinin müdirinin pula olan həvəsidir.
Məlumatda vurğulanır ki, idarənin müdiri pul qazanmaq üçün müxtəlif yollara əl atır. Həmin vasitələrdən biri sayğaclara müdaxilənin edilməsidir. Belə ki, idarə müdiri öz işçilərinə göstəriş verir ki, vətəndaşların evlərinə quraşdırılmış sayğaclara ustalıqla müdaxilə etsinlər. Ardından isə protokol tərtib edərək, onu külli miqdarda cərimələsinlər. Məlumatlarda vurğulanır ki, Bərdədə belə halların sayı artıq total şəkil almaqdadır. Çünki belə vəziyyətlərdə Qaz İstismarı İdarəsinin müdiri daha yaxşı pul qazanır. Ona görə ki, protokol tərtib ediləndən sonra vətəndaşdan həmin pulu tələb etməyə başlayırlar. Əslində isə alınan pul dövlətə deyil, elə müdirin cibinə gedir. Çünki həmin protokol məqsədli şəkildə hazırlanır ki, onun da heç bir hüquqi əsası yoxdur. Yəni, vətəndaşları aldatmaq üçün nəzərdə tutulmuş plandır.
Digər bir qazanc mənbəyi isə ayrı-ayrı iaşə obyektlərinə satılan təbii qazdır. Məlumatda deyilir ki, Bərdədə fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyəti Qaz İdarəsinin müdiri ilə ümumi dil tapıblar. Belə ki, onlar aylıq istifadə etdikləri təbii qaza görə yox, aylıq razılaşmaya görə pul ödəyirlər. Ola bilər ki, bu rəqəm 1000 manat olsun, amma ödənilən məbləğ bunun ən yaxşı halda 20 faizini təşkil edir. Digər hissəsi isə itkilərə və ya qaz oğurluqlarının üzərinə atılır.
Amma işin ən pis tərəfi odur ki, Bərdə rayon Qaz İstismarı İdarəsinin müdirinin atdığı addımlardan biridir. Belə ki, o, qaz pulunu vaxtında verməyən vətəndaşların adlarını yerli qəzetlərdə yazdıraraq, onların haqqında mənfi rəy yaradır. Hər ay pulunu ödəməyən və buna imkanı çatmayan vətəndaşların adlarının Bərdədə nəşr olunan rayon qəzetində hallanması isə onların utanmasına, habelə haqlarında mənfi rəyin yaranmasına gətirib çıxarır. Bu həm də hər bir vətəndaşın şərəf və ləyaqətinə hörmətsizlik kimi başa düşülür. İdarə müdiri bununla bağlı deyir ki, vaxtında pulu verməyənləri bu şəkildə biabır edir ki, o birilərinə dərs olsun. Amma belə bir variantdan indiyə qədər heç bir idarə müdiri və ya dövlət orqanı istifadə etməyib ki, bunu Bərdə Qaz İdarəsinin müdiri edib.
Bəzi məlumatlara görə, mətbuatda belə hərəkətlərə yol verən idarə müdirini hətta bir neçə dəfə rayonun mərkəzində döyməyə cəhd ediblər. Pulu ödəyə bilməyən və ya bir qədər yubanan vətəndaş adının mətbuatda hallandırılmasına etiraz edərək idarə müdirinə hücum ediblər. Lakin sakinlərin araya girməsi ortalığı sakitləşdirib.