Suriyanın ikinci ən böyük şəhəri və maliyyə mərkəzi sayılan Hələb 2012-ci ilin iyul ayından müxtəlif müxalifət qruplaşmaları və hökumət qüvvələri arasında döyüş meydanına çevrilib. Bu müddətdə ərzində 3 milyonluq şəhər əhalisinin sayı 700 min nəfər qədər azalıb. 4 illik döyüşlər Hələbin başdan-ayağa xarabazarlığa çevirib. Hətta YUNESKO-nun maddi mədəni irs siyahısına daxil edlimiş Hələbin köhnə şəhər hissəsi döyüşlərdən sonra tamamilə darmadağın edilmişdi.
Hazırda Hələb şəhərinin 98%-i yenidən Əsəd rejiminə tabe qüvvələrin əlində cəmləşib. “Hizbullah” qruplaşması və İran ordusunun könüllü dəstələri və Rusiya aviasiyasının dəstəyi ilə keçirilən əməliyyatlar Hələbdə minlərlə dinc sakinin ölümünə səbəb olub. Şəhərin müxtəlif sünni məhəllələrində cəmləşən “Ən Nüsrə Cəbhəsi” və “Əhrar əş-Şam” qruplaşmalarının 5 minə yaxın üzvü isə hələ də müqavimət göstərməkdə davam edir.
Əslində, hərə tərəfdən mühasirəyə alınmış Hələbin müxalif qüvvələr tərəfindən geri alınması inandırıcı görünmür. Məhz bu amil Hələbdəki qırğına dini çalar verilməsinə səbəb olur. Çünki şəhər əhalisinin böyük əksəriyyəti sünni və xristian icmaların nümayəndələrindən ibarətdir. Şəhərə əsasən, şiələrdən təşkil olunmuş silahlı birləşmələrin daxil olması isə kütləvi qırğınlara yol aça bilər. Təsadüfi deyil ki, Rusiya və Türkiyə arasında Hələbdəki böhranla əlaqədar əldə olunmuş razılıq da sünnü-şiə qarşıdurmasına görə yarımçıq saxlanılmışdı. Belə ki, Hələbdən müxalifət döyüşçülərini və onların ailə üzvlərini çıxararaq çıxarmaq üçün nəzərdə tutulmuş avtobuslar hökumət qüvvələrinə yaxın olan “Şabiha” döyüşçüləri tərəfindən yandırılmışdı.
Beynəlxalq hüquq təşkilatları, xüsusən Suriyada İnsan Hüquqlarının Monitorinqi Mərkəzi noyabrın 21-də hökumət qüvvələrinin Hələbdə genişmiqyaslı hücum əməliyyatına başladığı gündən bəri 5 mindən artıq insanın həlak olduğunu yazıb. Xüsusən, şəhərdə fəaliyyətdə olan yeganə 2 xəstəxananın bombalanması şəhərdə, xüsusən Şərqi Hələbdə mühasirədə qalan dinc sakinlərin vəziyyətini daha da ağırlaşdırmışdı.
Fransanın Hələbdəki situasiya ilə bağlı hazırladığı 2 qətnamə isə BMT Təhlükəsizlik Şurasında səsverməyə qoyulsa da, Rusiyanın təkidi ilə rədd olunmuşdu. Öncədən də aydın idi ki, Kreml Hələbin Əsəd qüvvələri tərəfindən ələ keçirilməsində maraqlıdır və bu addım hesabına həm rejimin dayaqlarını möhkəmləndirmək, həm də 15 aydır ki, Suriyada iştirak etdiyi hərbi əməliyyatlarda triumf qazanmaq istəyirdi.
Ehtimal ki, Hələb yaxın həftələrdə tam olaraq kapitulasiya etsin. Amma bunun qarşılığında Moskvanı ağır siyasi-diplomatik zərbələrin gözlədiyini demək olar. Çünki bütün körfəz ölkələri, Türkiyə və Qərb dövlətləri bundan narazı qalacaq. Paralel olaraq, Hələbin alınması regionda müharibə riskini daha da artıracaq və vətəndaş müharibəsinin uzun müddət davam etməsinə zəmin yaradacaq.
Hələb döyüşləri həmçinin, BMT-nin qlobal instusional orqan kimi dünyada baş verən faciələrə qarşı adekvat reaksiya vermək qabiliyyətində olmadığını ortaya qoydu.