Rusiya Bankı (Mərkəzi Bank) daha üç bankın - "Mir", "İdeya Bank" və "Voloqdabank"ın lisenziyalarını geri çağırıb.
Report bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Mərkəzi Bankın məlumatına əsasən, "İdeya bank" yüksək riskli kreditləşmə həyata keçirib və buna adekvat risk ehtiyatları yaratamayıb. Həmçinin, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etməyib.
Qeyd edək ki, "İdeya bank" aktivlərin həcminə görə, Rusiyanın bank sistemində 264-cü yeri tutub.
Tənzmiləyici bildirir ki, lisenziyası geri çağırılan digər bank - "Mir" aşağı keyfiyyətli aktivlərə vəsait yatırıb və buna müvafiq risk ehtiyatları yaratmayıb. Bununla yanaşı, Bank şübhəli köçürmə əməliyyatlarında iştirak edib.
Qeyd edək ki, "Mir" Rusiyanın bank sistemində aktivlərin həcminə görə, 381-ci sırada yer alıb.
Aktivlərin həcmi üzrə ölkə banklarının siyahısında 429-cu olan "Voloqdabank"ın da lisenziyasının geri çağırılmasına səbəb aşağı keyfiyyəli aktivlərə pul yatırması və buna müvafiq risk ehtiyatları yaratmamasıdır. Bundan başqa, Bank real maliyyə göstəricilərini gizlədib.
Qeyd edək ki, hər üç bank əmanətlərin sığortalanması sisteminin üzvüdür.