Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası məsələsi siyasi gündəmi artıq xeyli vaxtdır zəbt edib. Müxalifət düşərgəsindəki qurumların əksəriyyəti Milli Şuranın yaranıb-yaranmayacağına kökləniblər. Mövcud olan qurumlar sanki fəaliyyətlərini dayandırıb Milli Şuranın yaranacağını gözləyirlər. Hətta belə iddialar da var ki, Milli Şura məsələsi müxalifətin ən böyük birliyi olan İctimai Palatanın fəaliyyətinə mənfi təsir göstərib, fəaliyyət az qala iflic vəziyyətinə düşüb.
İddiaların nə dərəcədə doğru olub-olmadığı barədə söhbət etdiyimiz İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı deyilənlərdə həqiqətəuyğunluqların kifayət qədər olduğunu bildirdi. Onun sözlərinə görə, Mili Şuranın yaranması ilə müzakirələrin bu qədər uzanması və qeyri-müəyyənliyin çox çəkməsi İctimai Palatanın fəaliyyətinə ciddi təsir göstərib və fəaliyyətinin zəifləməsinə gətirib çıxarır: “Milli Şuranın hansı formatda yaranması, necə fəaliyyətə başlaması rəsmi bəlli olandan sonra hesab edirəm ki, İctimai Palatanın qalacağı, yoxsa qalmayacağı dəqiqləşəcək. Məhz bundan sonra İctimai Palatanın taleyi haqqında fikir bildirmək olar. Hazırda qeyri-müəyyənlik konkret fikir söyləməyə imkan vermir. Amma faktiki olaraq hazırkı vəziyyət İctimai Palatanın fəaliyyətinə ciddi təsir göstərib və göstərir”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli isə bildirdi ki, yaranacaq Milli Şuranın müxalifətin digər birliklərinə qarşı olduğunu düşünmək doğru deyil. Çünki əslində bu birliklər biri digərini tamamlayır. İndilikdə İctimai Palatanın bir qədər passiv olduğu mənzərəsi müşahidə edilsə də bu, fəaliyyətin iflic olması demək deyil: “Milli Şuraya görə İctimai Palatanın buraxılması məsələsi İctimai Palatada müzakirə olunmayıb. Hesab edirəm ki, artıq strukturlaşmış quruma çevrilmiş İctimai Palata Azərbaycanda gedəcək proseslərə öndərlik edəcək Milli Şuranın işinin gedişini daha səmərəli edə bilər”