Müasir Müsavat Partiyasının İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb. Partiya sədri Hafiz Hacıyev qərarı icra edəcək gəncə 10 min manat mükafat da ayırdığını da bildirib.
Bu məsələyə münasibət bildirmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyevə müraciət etdik. “Qafqazinfo” ya açıqlamasında Azay Quliyev bildirib ki, bədnam “Daş yuxular” romanına görə hamı və demək olar ki, cəmiyyətin bütün təbəqəsi Əkrəm Əylisliyə ən sərt formada öz kəskin etirazını bildirib və onun bu yaramaz hərəkətini qəti şəkildə pisləyiblər:
“Onun bu milli nankorluğu və nadanlığı ümumxalq nifrətinə səbəb olub və bu səbəbədən Əkrəm Əylisli ölkə başçısının sərəncamı ilə ən nüfuzlu addan, “xalq yazıçısı” adından məhrum edilib. Milyonlarla Azərbaycan oxucusu üçün Əkrəm Əylisli adında bir yazıçı “mövcud” deyil, o artıq “öldü”. Bundan sonra o heç bir halda milli dəyər kəsb etmir və ömrünün sonuna qədər xalqın nifrəti və tənəsi onu qarabaqara izləyəcək. İstənilən qələm əhli üçün bundan ağır cəza ola bilməz.
Bu nöqteyi nəzərdən rəsmi qeydiyyatdan keçmiş bir partiyanın Əkrəm Əylislinin qulağının kəsilməsi ilə əlaqədar yumşaq desək, orta əsr təfəkkürünə uyğun bir qərar çıxarması və bunu edənə 10 min manat mükafat təsis etməsi Azərbaycanın sivil və hüquqi dövlət imicinə çox böyük bir zərbədir. Belə bir ağılsız hərəkətə yol verilməsi, şübhəsiz bu romanın ideoloqlarının maraqlarına xidmət edər və onun siyasi və hüquqi nəticəsi ağır olar. Ən təhlükəlisi isə odur ki, belə bir məsuliyyətsiz bəyanatdan bizi istəməyən hər hansı bir üçüncü qüvvə məharətlə istifadə edib bu qərarı icra edə və ölkəmizi arzuolunmaz duruma sala bilər. Bəlkə də Əkrəm Əylislinin və onu müdafiə edən şəxslərin və dövlətlərin də son istəyi budur. Bu baxımdan dövlətimizə qarşı hər hansı bir təxribata yol verməmək naminə partiya bu düşünülməmiş qərarına yenidən baxmalı və hüquq mühafizə orqanları bu faktı ciddi şəkildə nəzərə almalıdır”.