Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfərini şərh edib.
Azvision.az xəbər verir ki, Arye Qut hesab edir ki, Netanyahunun səfəri Azərbaycan-İsrail münasibətlərində yeni bir səhifə açacaq.
"İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. İnanıram ki, bundan sonra həm siyasi dialoq, həm iqtisadi əlaqələr də yüksək səviyyədə olacaq. Bu gün sirr deyil ki, Azərbaycanın hərbi sahəsinin inkişafında İsrail dövlətinin və şirkətlərinin innovasiya baxımından yardımı böyük olub. İnanıram ki, bundan sonra əlaqələr daha sürətlə inkişaf edəcək".
Ekspert qeyd edib ki, İsrail-Azərbaycan əlaqələri üçüncü ölkəyə qarşı yönəlməyib: "İranın İsrail baş nazirinin Azərbaycana səfərini etirazla qarşılamasına gəlincə onu deyə bilərəm ki, aprel hadisələri Azərbaycanın dostu və düşməninin kim olduğunu göstərdi. Eyni zamanda xatırladım ki, Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti Ermənistana səfər edəcək. Bunun özü bir daha sübut edir ki, Azərbaycanın dostları kimdir. Bu baxımdan hesab edirəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da artan xətt üzrə inkişaf edəcək. Çünki bu əlaqələrin əsasında çox yaxşı siyasi dialoq, iqtisadi əlaqələr dayanır. Eyni zamanda Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığı davam etdirilir".
A.Qut, həmçinin vurğulayıb ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi həm Azərbaycan, həm də İsrail üçün çox önəmli olacaq: "Bu günə qədər ABŞ Administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazda baş verən hadisələri düzgün dəyərləndirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının çox yaxın dostudur. İnanıram ki, Trampla olan əlaqələr eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin inkişafında böyük rol oynayacaq".