Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ölkəsinin Azərbaycandan və digər ölkələrdən aldığı qaz və enerji üçün pul köçürmələrini milli valyutada ödəməyə hazırlaşdığını açıqlayıb.
B. Albayrak deyib ki, Türkiyə ilə Rusiya idxal olunan təbii qaza görə lirə ilə ödənişlərin edilməsi üçün artıq danışıqlara başlayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a Azərbaycanın bu təklifə verə biləcəyi cavabı açıqlayıb. O bildirib ki, Türkiyə ilə qaz alqı-satqısını nə Azərbaycan hökuməti, nə də Dövlət Neft Şirkəti imzalayıb:
“O imzanı atan “Şahdəniz” konsersiumudur. Orada Azərbaycanın payı cəmi 10 faizdir. Yəni qaz alqı-satqısını beynəlxalq konsersium həyata keçirir. Ona görə də onun orbitrajı və digər işləri dollarla ifadə olunur.
Türkiyə hökumətinin arzusudur ki, ölkələrlə qarşılıqlı ticarəti öz valyutası ilə reallaşdırsın. Ancaq karbohidrogenlərin yatırımı, istehsalı və satışı dünyada dollar ekvivalenti ilə həyata keçirilir. Ona görə də heç bir şirkət onu mili valyutada həyata keçirməz.
Bu gün hətta MDB çərçivəsində belə, Rusiyanın Qazaxıstana, Rusiyanın Ermənistana qaz satışı rublla həyata keçirilmir, dollarla keçirilir. Baxmayaraq ki, Qazprom Ermənistanda öz törəmə şirkətinə-Armrosa qaz satır. O cümlədən də, qonşu ölkələrə”.
İ.Şaban qeyd edib ki, Türkiyənin bu təklifi sadəcə istəkdən ibarətdir:
“Bu reallaşması mümkün olmayan istəkdir. Azərbaycan “Şahdəniz”dəki payını 2 dəfə artıracaq. İştirakçılar birlikdə bu konsersiuma 25 milyon kapital qoyuluşu həyata keçiriblər. Sadə bir sual ortaya çıxır. Şirkətlər o qazı satdıqdan sonra əldə etdikləri lirəni necə istifadə edəcəklər?
Bu, ümumiyyətlə başadüşlən mexanizm deyil. Bu baxımdan Azərbaycan tərəfinin də təklifə “hə” deyəcəyi real deyil”.