ATƏT xarici işlər nazirləri Şurasının Almaniyanın Hamburq şəhərində keçirilən illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Bu, əlbətdə ki, münaqişənin danışıqlar yoluyla nizamlanması baxımından nəsə böyük itki deyil. Onsuz da xarici işlər nazirlərinin görüşləri formal əhəmiyyət kəsb edir, ATƏT xarici işlər nazirləri Şurasının illik toplantıları çərçivəsində münaqişə tərəflərinin bir araya gəlməsi isə illərdir formal əhəmiyyət daşısa belə, ənənəvi olaraq baş tuturdu. İndi isə Ermənistan bu görüşdən imtina edib.
Xəbər verildiyi kimi Azərbaycan tərəfi belə görüşə hazır olduğunu lap əvvəldən elan elan etmişdi və onun baş tutmasında maraqlı olduğunu nümayiş etdirmişdi. Həmsədr ölkələrdən Fransa isə təklif etmişdi ki, Hamburqda 3+2 formatında, yəni ABŞ, Fransa və Rusiya xarici işlər nazirlərinin də iştirakı ilə müzakirələr keçirilsin.
Lakin Ermənistan tərəfi nümayişkarənə şəkildə bu görüşə razılıq vermədi. İrəvan danışıqlardan imtinanı formal olaraq onunla əsaslandırmağa çalışıb ki, prezidentlərin Sankt-Peterburqda keçirilmiş görüşündə hansısa razılaşmalar əldə olunub, ancaq Bakı bu razılaşmaları yerinə yetirmədiyi üçün yenidən görüşməyin əhəmiyyəti yoxdur.
Söhbət münaqişənin nizamlanmasına birbaşa dəxli olmayan və həmsədrlər tərəfindən elan edilən anlaşmalardan-atəşkəsin monitorinqinə nəzarət mexanizmlərindən gedir ki, Azərbaycan tərəfi nə onun altına imza atıb, nə də üzərinə belə öhdəlik götürdüyünü danışıqların yekunu olaraq rəsmən elan etməyib. Hərçənd Bakı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin səhra köməkçilərinin sayının artırılmasına qarşı olmadığını açıqlamışdı, ancaq təmas xəttində insidentlərin araşdırılması mexanizmi kimi praktikada heç bir işə yaramayacaq təklifləri qəbul etmək niyyətində olmadığını dəfələrlə ifadə edib.
Bu mexanizm guya təmas xəttində hansı tərəfin birinci atəş açdığını müəyyən etməyə hesablanmışdı. Ancaq praktikada belə mexanizm necə işləyə bilər və ümumyyətlə münaqişənin konservləşdirilməsindən, status-kvonu saxlamaqdan başqa nəyə yarayar? Digər tərəfdən hansısa mexanizm qəbul edilməsə də təmas xəttində may ayından bəri gərginlik nisbətən azalıb, yəni danışıqlar aparmaq üçün atmosfer var. Deməli Ermənistan tərəfi üçün danışıqlardan imtina üçün irəli sürülən səbəb keçərli hesab edilə bilməz.
Bu, bəhanədir və Ermənistanda hesab edirlər ki, Rusiyanın verdiyi yeni silahlar hesabına onların mövqeyi danışıqların aparılması üçün şərt irəli sürməyə imkan verəcək dərəcədə güclənib. Nəticədə İrəvan nəinki prezidentlər səviyyəsində görüşdən imtina etdi, (oktyabr ayında Azərbaycan tərəfi prezidentlərin Parisdə görüşünün təşkil edilməsi barədə həmsədrlərin təklifinə razılıq verdi, ancaq vasitəçilər İrəvanda bu təklifə yox cavabını aldılar) ardınca xarici işlər nazirlərinin onsuz da formal xarakter daşıyacaq görüşünün belə baş tutmasına belə imkan vermədi.
Və Hamburqda ATƏT xarici işlər nazirləri Şurasının iclasının başladığı gün Ermənistan prezidenti Serj Sərkisyan hərbi formasını geyinib işğal altındakı Azərbaycan ərazilərinə yola düşdü. Erməni mənbələri Sərkisyanın gah generalları toplayıb təmas xəttində aparılan möhkəmləndirmə və “müasir avadanlıqların quraşdırılması” işlərini müzakirə etdiyinə, gah tankçılarla yeməkxanada sup içdiyinə dair görüntüləri yayır. Sərkisyan Qarabağa səfər üçün təsadüfən ATƏT-in illik toplantısının başladığı günü seçib? Çətin ki...
Görünür Ermənistanda hesab edirlər ki, bu cür “təsadüflərlə” həm də həmsədrlərə İrəvanın mövqeyinin gücləndiyinə dair mesaj göndərmək olar. Onların hesablamalarına görə vasitəçilər Ermənistanı hansısa güzəştlərə razı salmağı bir kənara qoyub onu heç olmasa danışıqlar masası arxasına oturmağa razı salmaq üçün səylər göstərəcək. Başqa sözlə, Ermənistan gələcəkdə yenidən danışıqlar masası arxasına keçməyə razılaşmaqla bunu kompromis kimi sırımağı nəzərdə tuta bilər.
Belə vəziyyətdə, danışıqlardan imtina edən tərəfin açıq-aşkar məlum olduğu bir vaxtda Hamburqda həmsədr ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatla çıxış ediblər. Və bəyanatda təbii ki, Ermənistanın danışıqlardan imtinasına dair hər hansı eyham yer almır.
Əvəzində həmsədr ölkələrin xarici siyasət idarələrinin rəhbərləri aprel eskalasiyasını xatırladaraq münaqişənin güc yoluyla həlli cəhdlərini kəskin pisləyir, münaqişənin hərbi yolla həllinin mümkün olmadığı vurğulanır. “Bizə həmçinin apreldə təmas xəttində törədilmiş vəhşiliklər də məlumdur və biz bunları ən kəskin ifadələrlə pisləyirik”-Con Kerrinin, Sergey Lavrovun və Jan-Mark Eyronun bəyanatında deyilir.
Bəs bu “vəhşiliklər” barədə epizod nəyi nəzərdə tutur? Ermənistan artilleriyasının təmas xəttinə yaxın Azərbaycan kəndlərini hədəf alıb 14 mülki şəxsin ölümünə səbəb olmasını? Yoxsa erməni əsgərlərinin “başlarının kəsilməsi” haqda rəsmi İrəvanın aylardır apardığı təbliğat hay-küyünü? Görünür Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda həmsədr ölkələrin nazirlərinin bu bəyanatı qəbul edərkən erməni tərəfə meylləndiklərinə dair açıq-aşkar sezilən eyhamlara aydınlıq gətirməliydi...
Bəyanatda tərəflər bu ilin mayında Vyanada və iyunda Sankt-Peterburqda əldə edilmiş razılaşmalara əməl etməyə, ATƏT sədrinin şəxsi köməkçisinin mandatının genişləndirilməsini və insidentlərin araşdırılması mexanizminə dair irəliləyişə nail olmağa çağırılır.
Lakin qeyd olunur ki, bu məsələlər danışıqlar prosesinin bilavasitə bərpa olunması ilə paralel aparılmalıdır. Və nazirlər Azərbaycan və Ermənistan prezidentlərini danışıqlar masası arxasına qayıtmağa dəvət edirlər. “Nə qədər ki, danışıqlar prosesində irəliləyiş əldə olunmayıb, toqquşmaların bərpa olunması riski də artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaqlar”-həmsədrlər xəbərdarlıq edir.
Danışıqların nəinki nəticəsiz qalmasının, üstəlik hazırda Ermənistanın danışıqlar prosesini faktiki olaraq tərk etməsinin hərbi əməliyyatlar riskini artırdığını əlbətdə, inkar etmək olmaz. Lakin indiki halda buna görə kim məsuliyyət daşıyır? Həmsədr ölkələr Ermənistanı danışıqlar masası arxasına qaytarıb münaqişənin nizamlanmasının mahiyyəti üzrə müzakirələrə məcbur etmək üçün hansı addımları atıblar?
Həmsədr ölkələrin nazirlərinin birgə bəyanatında münaqişənin hansı prinsiplər əsasında nizamlanmalı olduğu da tərəflərə xatırladılır. Bunlar güc tətbiqindən imtina, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, habelə əlavə elementlər kimi həmsədr ölkələrin prezidentlərinin təkliflərində əksini tapan məsələlər-Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz, Dağlıq Qarabağın aralıq statusu, yekun statusun referendumla müəyyən edilməsi, bütün qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması, beynəlxalq təhlükəsizlik qarantiyası və sülhməramlıların yerləşdirilməsidir.
Bunlar uzun müddətdir gündəmdə olan Madrid prinsiplərinin elementləridir ki, həmin sənəd mahiyyətcə Dağlıq Qarabağın ya tam müstəqilliyinə, ya Ermənistana birləşdirilməsinə hesablanıb. Və Azərbaycan dövləti, prezidenti ikinci erməni dövlətinin yaradılması yolu ilə bu münaqişənin həllinin mümkün olmadığını dəfələrlə elan edib. Əgər həmsədr ölkələr növbəti dəfə bəyan edirsə ki, münaqişənin həllinin üç əsas prinsipindən birini ərazi bütövlüyü təşkil edir, o zaman öz müqəddəratını təyin etmənin ancaq ərazi bütövlüyü çərçivəsində mümkün ola biləcəyini də qəbul etmək lazımdır...