"İstənilən regional münaqişə daha böyük miqyaslı qarşıdurmaya çevrilə bilər və məsələn, Suriyayla İraq buna nümunədir".
Report xəbər verir ki, bunu Federasiya Şurasının üzvü İqor Morozov Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan Moskvadakı "dəyirmi masa"da çıxış edərkən deyib.
"Qarabağ münaqişəsi bu qədər uzun müddətə həll edilə bilməz, onun həllini uzatmaq mümkün deyil. Axı atəşkəs dövründə də orada adamlar ölür. İnsanların doğma ölkələrində sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək hüququ var", - rusiyalı senator bildirib.
Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrdən danışan İ.Morozov münasibətlərimizin çoxlu toqquşmalara məruz qaldığını qeyd edib.
"Bizim üçün rus dilinin dəstəklənməsi çox vacibdir. Bu, millətlərarası ünsiyyət vasitəsidir. Artıq gələcəkdə tarixçilər SSRİ tərkibində inkişaf imkanının olub-olmadığını deyəcəklər. Amma tarixi geri çevirmək olmur. Odur ki, əlaqələri bu gün əsasında inkişaf etdiririk", - deyə senator vurğulayıb.
O, həmçinin Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində qarşılıqlı əlaqə imkanına görə məmnunluğunu dilə gətirib.
"Əlaqələrimizin səviyyəsi həm də biz parlamentarilərdən də asılıdır", - deyə İ.Morozov əlavə edib.
Senator eyni zamanda mədəniyyət və turizm kimi digər sahələrdə əməkdaşlığın səviyyəsini qeyd edib.
"Azərbaycanın turizm klasteri artıq dünya səviyyəli xidmət təklif edir və bu, bizdə böyük qürur hissi yaradır. Çünki qonşularımız qısa müddətdə belə şərait yaratmağı və bütün dünyadan turist dəvət etməyi bacarıblar", - İ.Morozov bildirib.