BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.
Virtualaz.org xəbər verir ki, fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb.
Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 mislinə bərabərdir. Və bu göstərici üzrə Azərbaycanın dünyada doğrudan da analoqu yoxdur və məşhur “analoqu olmayan” ifadəsi məhz bu göstəricidə tamamilə yerinə düşür. Hesabata əsasən ikinci yerdə Belarusdur. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 mislinə bərabərdir. Üçüncü yerdə isə Rusiya gəlir. Dördüncü yerdə Balkan regionunun yoxsul ölkəsi Albaniyadır. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 mislinə bərabərdir.
Xatırladaq ki, Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmeti olub. Hətta iki il əvvəl iqtisadi böhranın əlamətləri Azərbaycanda özünü göstərməyə başlayanda və əhalinin gəlirlərində azalma özünü göstərəndə dəbdəbəli toylara məhdudiyyət qoyulmasına dair qanunvericilik təşəbbüsləri də səslənməyə başladı. Məsələ Milli Məclisdə müzakirə olundu, ancaq belə görünür ki, “toyxana lobbisi” bu məsələnin qanun çərçivəsinə salınmasına imkan vermədi.