APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əlinə qələm götürən hər şəxs jurnalist sayıla bilməz: “Yoxsa, internetdə bloq yaradıb istədiyi insanı təhqir edir, sonra da bildirir ki, “Diffamasiya haqqında” qanuna görə, yalnız cərimə ödəyəcəyəm. Bu, səhv yanaşmadır. Əlbəttə, bu cəmiyyətdə “bespredel” yaradır. Biz Azərbaycanda qanunsuzluq mühiti yaradacaq heç bir prinsipin üstündə dayanmayacağıq. Kimin tələbi olursa-olsun, buna dəstək verməyəcəyik”.
Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyətinin mövqeyi ölkədə söz və fikir azadlığını məhdudlaşdıracaq əməllərin qarşısını almaqdır: “Amma eyni zamanda, Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələrinin başqa cür təfsir olunması da düzgün deyil. Burada kiminsə internetin KİV olmasına şübhəsi var? Xeyr, yoxdur. İnternet indiyə qədər sahibsiz pişik kimi istənilən həyətə girirdi, heç kim də onun qarşısına çıxa bilməzdi. Necə olur ki, 10 min tirajı olan bir qəzetdə yazdığı məqaləyə görə jurnalist məsuliyyət daşıyır, amma 3 milyondan artıq insanın oxuduğu internet resursundakı informasiyaya görə heç kim məsuliyyət daşımır? Bu cür yanaşma ola bilməz. Heç kim kiminsə evinə qonaq gedən zaman istədiyi formada hərəkət edə bilməz. Əks təqdirdə onu orada nə gözlədiyini hamı yaxşı bilir. Bu səbəbdən də internetin media olması realdır və internetdəki təhqirə görə də insanlar cavab verməlidir”.
Ə. Həsənov qeyd edib ki, internetdə gedən təhqir kampaniyasından hamı - müxalifət də, iqtidar da, jurnalistlər də, məmurlar da narazıdır: “Hamı bu məsələdə nəzarətin olmasını istəyir. Amma qanuna müddəa əlavə edəndə buna qarşı çıxırlar. Bu gün biz hakimiyyətdəyik, sabah yerimizi dəyişə bilərik. Siz bunu nəzərə alın ki, hər bir məqamda insanlar qanunların tətbiqi standartlarını universal etməlidirlər ki, qanun tətbiq olunan zaman problem olmasın”.