Şamaxı-Qızmeydan avtomobil yolunun bir hissəsində çökmə olub.
Trend-in məlumatına görə, yolun bir hissəsində baş verən uçqun nəticəsində asfalt örtük çöküb. 10 metrdən artıq ərazini əhatə edən çökmə nəticəsində yolda avtomobillərin hərəkəti çətinləşib. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirib.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə barədə təmsil etdiyi qurumda məlumat var:
"Bu yol sürüşmə zonasında yerləşir. Həmin yolda bir-neçə dəfə sürüşmə baş verib və bu ərazilər bərpa edilib. Hazırda "Azəravtoyol" ASC hadisə yerinə texnika və işçi qüvvəsi cəlb edib. Ərazidə sürüşmənin fəsadları aradan qaldırılır".
A.Nəcəfli bildirib ki, yolda sürüşmə baş versə də, ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmayıb və avtomobillərin hərəkəti davam edir.