Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri isə 16,9 mlrd. manat həcmində proqnozlaşdırılır.
"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclsisin bugünkü plenar iclasında çıxışında bildirib.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxilolması gözlənilir. Bu gəlirin əhəmiyyətli hissəsi aztəminatlı əhalinin sosial müdafiəsinə yönəldiləcək. Bunun əlaqədar dövlət büdcəsinin gəlirləri ilə bağlı parlamentdə təqdim olunan layihədə dəyişiklik təklif edilir.
Dəyişiklik nəzərə alınmaqla büdcə gəlirləri 16,255 mlrd. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16,900 mlrd. manat məbləğində proqnozlaşdırılır.
Vergilər Nazirliyi üzrə büdcə proqnozu 7,510 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1%,çoxdur.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2,200 mlrd. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 mln. manat və ya 21,5% çoxdur.
2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır.
Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır. Təqdim edilmiş məlumatlara əsasən, növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirlər hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır.
Nazir bildirib ki, cari xərcin 2,1 mlrd. manat və ya 17% azaldılmasına nail olunub. Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək.