"Sədərək" Ticarət Mərkəzinə girəndə 30 dəqiqə belə maşını park etsən, yenə də səndən pul alırlar. Gün ərzində alınan bu qədər pul hara gedir?
Azvision.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər zamanı çıxışında deyib.
Deputat bildirib ki, "Sədərək" Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir: "O pullar dövlətin büdcəsinə gedir? Bildiyim qədərilə bu pullar dövlətin büdcəsinə getmir. Mən "Sədərək" Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park etmə məntəqələri var. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?"