Azərbaycan və Rusiya arasında təhsil və elm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri Bakıda keçirilən “Elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” konfransında müzakirə olunub.
Modern.az xəbər verir ki, Rusiya təhsil naziri Olqa Vasilyevanın səfəri vaxtına salınmış konfransda hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları iştirak edib.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrıldığını deyib.
“Ölkənin ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb universitetinin filialları açılıb”.
Rusiyanın təhsil naziri O.Vasilyeva Rusiyanın Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, 2016-cı ildə Azərbaycanda rus dili öyrənmək istəyənlərin sayının 5 faiz artdığını qeyd edərək bunu müsbət hal adlandırıb.
Konfransın açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sədri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə iştirak ediblər.