Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi DTİK) Avrasiya Komitəsinin başçısı Əli Qalib Savaşır Rusiya təyyarəsinin vurulduğu 24 noyabr tarixinin ildönümüylə əlaqədar olaraq Rusiya xalqına başsağlığı verib.
Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, Avrasiya Komitəsinin rəhbəri başsağlığı nitqində maraqlı açıqlamaları ilə diqqət çəkib:
"Kaş ki bu faciə olmasaydı. Məncə, bu hadisə böyük ssenarinin yalnız bir hissəsi idi və yaxşı ki, tez də başa çatdı. Təbii, bu an Rusiya xalqına, ölən rus pilotun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
Rusiya təyyarəsinin vurulmasını "oyun" kimi xarakterizə edən Savaşır sözlərinə belə davam edib: "Keçmiş təhlükəsizlik xidmətinin əməkdaşı olaraq bunu demək istəyirəm - Bu, süni bir hadisə idi. Böyük ssenarilər yazıldı. Sıradan bir hadisə deyildi. Böyük ssenarinin yalnız bir hissəsi olduğunu düşünürəm. Yaxşı ki, bu plan tez pozuldu. Hədəf rus-türk əlaqələrini pozmaq idi. İki ana vətənim var - Türkiyə və Rusiya. Arzu edirəm ki, iki ölkə arasında heç bir zaman pis hadisələr yaşanmasın".