Azərbaycanda internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atanlar, təhqir edənlər cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək.
Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib.
Sənədə görə, bu cinayəti törədənlər 1000 manatdan 1500 manatdək və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Artıq bu qanun layihəsi Milli Məclisin plenar iclasına da tövsiyyə olunub.
Müşahidələrə görə, bu gün saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ilə məşğul olanlar, Prezidenti və onun ailə üzvlərini, yüksək vəzifəli şəxslərin ünvanına xoşagəlməz ifadələr işlədənlər daha çox xaricdə yaşayanlardır.
Bəs bu halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq xaricdə yaşayan və başqa dövlətlərin vətəndaşları olan həmin şəxslər haqqında cinayət işinin açılması, cinayət təqibinin başlanılması hansı hüquqi mexanizmlər əsasında həyata keçiriləcək?
Yəni xaricdə yaşayan həmin şəxslərin ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olacaqmı?
“Saxta profillərlə xaricdən təhqir və böhtan yağdıranlar İnterpol-la axtarışa veriləcək...”
Ali Məhkəmənin keçmiş hakimi, deputat Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi sazişlərə görə, hətta xaricdəki şəxslər barəsində də cinayət işi aça bilər:
“Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq, İnterpol xətti ilə xaricdən saxta profillərlə sosial şəbəkələrdə təhqir və böhtanla məşğul olanların, Prezidenti təhqir edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi də mümkündür.
Bu, yalnız xaricdə yaşayan və saxta profillərlə sosial şəbəkədə təhqir və böhtanla məşğul olan şəxslər barəsində cinayət təqibi olduğu zaman mümkündür.
Cinayət Məcəlləsinə yeni dəyişiklikdə söhbət Prezidentin hökumət başçısı kimi yox, dövlət başçısı kimi şərəf və ləyaqətindən gedir. Ona görə də cəza sanksiyası olaraq həbs müddəti 2 ildən 3 ilə artırılıb. İnternet resurslarında böhtan və təhqir etmədən söhbət gedir. Cinayət Məcəlləsində böhtan 147-ci, təhqir isə 148-ci maddədədir.
Dispozisiyası müxtəlif olan həm də Cinayət Məcəlləsində ümumiləşdirici konkret ifadə tərzi olan maddələrin bir maddədə deyil, elə 147 və 148-ci maddələrdə də öz əskini tapması daha doğru olar. Çünki böhtan və təhqir ayrı-ayrı cinayət əməlləridir”.
“Əslində xaricdəki bir şəxsə cinayət işi açaraq, həbs etmək elə də asan deyil...”
Deputat söyləyib ki, xaricdəki bir şəxsə cinayət işi açmaq asan olsa da, əslində həbs edilməsi o qədər də asan deyil:
“Ölkə daxilində saxta profillərlə təhqir və böhtanla məşğul olanların cinayət məsuliyyətinə cəlb edilməsi daha asandır, nəinki xaricdəkilərin.
Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə müvafiq ölkələrin hüquq-mühafizə orqanlarına həmin təqsirkar şəxsin təhvil verilməsi ilə bağlı müraciət edə bilərlər.
Amma bu hal yalnız o zaman baş verə bilər ki, həmin xarici ölkələrin qanunlarında saxta profillərlə sosial şəbəkələrdə prezidenti və vətəndaşları təhqir etmək cinayət məsuliyyəti yaratsın”.
“Prezident özü xarici hüquq-mühafizə orqanlarına müraciət etməlidir...”
T.Kərimli deyib ki, hətta zərərçəkmiş Prezident özü, yaxud varisləri, səlahiyyətli nümayəndələri olsa belə, xaricdəki hüquq-mühafizə orqanlarına özü müraciət etməlidir:
“Hər bir halda təhqir və böhtanla bağlı zərərçəkmiş özü şikayət etməlidir. Çox zaman deyirlər ki, Stalin və Lenin təhqir olunur, amma nəyə görə bu cinayət məsuliyyəti yaratmır? Ona görə ki, artıq Stalin və Lenin ölüb. Amma yenə də vəfat etmiş olsalar belə, onların da hüquqi varisləri bununla bağlı şikayət edə bilərlər.
Əgər həqiqətən də xaricdə olan şəxs sosial şəbəkələrdə ağır dərəcədə təhqir və böhtanla məşğul olubsa, qarşılıqlı müqavilə və razılaşmalar əsasında Azərbaycan tərəfə verilmirsə, demək artıq həmin dövlət beynəlxalq hüququ pozmuş olacaq. Almaniya vətəndaşı olsa belə, həmin şəxslər Azərbaycan tərəfinin müraciəti əsasında məsuliyyətə cəlb olunmalı və onlar barəsində cinayət təqibi qoyumalıdır”.
“Xaricdən təhqir və böhtanla məşğul olan internet televiziyalara cinayət işi açılmalıdır...”
Deputat təklif edib ki, bu gün Prezidenti təhqir edən bəzi internet televiziyaları da cinayət məsuliyyətinə cəlb edilsin:
“Cinayət Məcəlləsi yalnız Azərbaycanın hüquq məkanı ilə məhdudlaşır. Amma xarici vətəndaş və yaxud Azərbaycan vətəndaşı olmayan şəxs saxta profillərlə sosial şəbəkələrdə təhqir və böhtana yol versə, o zaman yenə də onlar barəsində cinayət işi açılacaq.
Bu gün bəzi internet televiziyalarında, Youtube kanallarında insanların şəxsiyyəti açıq-aşkar təhqir olunur. Bu, həqiqətən də yolverilməzdir. Ona görə də nəinki bu əməli törədən şəxs, hətta bu kimi təhqir və böhtan dolu materialları yayımlayan, yerləşdirən şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
“Xaricdə oturub Prezidentə böhtan atanlar...”
Milli Məclisin deputatı Fəzail Ağamalı da Modern.az-a açıqlamasında deyib ki, xaricdən saxta profillərlə sosial şəbəkələrdə böhtan və təhqirlə məşğul olanlar, Prezidenti təhqir edənlər İnterpol-la həbs edilə biləcəklər:
“Onlar cinayət məsuliyyətinə cəlb edilməsi üçün İnterpol vasitəsilə axtarışa veriləcək.
Bununla bağlı axtarışın hansı formada həyata keçirilməsi üçün hüquqi mexanizm müəyyənləşməlidir. Ola bilsin ki, saxta profillərlə sosial şəbəkələrdə təhqir və böhtanla məşğul olanlar cinayətkar kimi İnterpol vasitəsilə axtarılsın. Respublikanın hüquq-mühafizə orqanları bu qanunun mexanizmini işləyib hazırlamalıdırlar”.
“Xaricdəki bəzi internet televiziyalarına cinayət işləri açılsın! ...”
Deputat söyləyib ki, xaricdən idarə olunan bəzi internet televiziyaları da bu gün təhqir və böhtanlarla, Prezidenti təhqir etməklə məşğuldur və onlar da cinayət məsuliyyətinə cəlb edilməlidir:
“Həm Azərbaycan vətəndaşlarının, həm də ölkə Prezidentinin ünvanına sərt sözlər söyləyənlərin mütləq əksəriyyəti xaricdə yaşayanlardır. Bunların adları hamıya məlumdur. Xaricdən fəaliyyət göstərən və bu işlərlə məşğul olan internet televiziyaları da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Xüsusi olaraq ən çox təhqirə məruz qalanlar ölkə başçısının ailə üzvləridir. Bir vətəndaş olaraq onların da şərəf və ləyaqətinin qorunması üçün mütləq şəkildə Cinayət Məcəlləsinə ayrıca bir bənd salınmalıdır.
Bu gün daha çox ölkə Prezidenti, həyat yoldaşı, övladları və dövlət başçısının siyasətini dəstəkləyən, dövlətçilik mövqeyində duran siyasətçilər, ictimai fəallar və jurnalistlər təhqir olunurlar. Bu baxımdan da vətəndaşların hüquqları mütləq qorunmalıdır”.