Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Modern.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazım olduğunu deyib:
“Halbuki, 1 avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi. Son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da, daha sonra Federel Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması ehtimalları avronu dəyərsizləşdirdi”.
Ekspert deyib ki, FES-in uçot dərəcəsini artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edir:
“Bu isə avro təklifini artırır. İtaliyadakı seçilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır. Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda Avropa pulunu ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu eyni zamanda dolaysı olsa da valyuta bazarında dollara tələbi daha da artırır”.