Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb.
"Report"un monitorinq qrupunun kommersiya banklarında apardığı müşahidələr göstərir ki, bu gün, noyabrın 16-da "Bank of Baku" və "Muğanbank" kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. "Accessbank"da satış limiti 200 dollar, "ASB" və "BTB"-də 100 dollar məbləğində müəyyənləşdirilib. "Amrahbank" isə dolların alışı olduğu təqdirdə satışın da həyata keçirildiyini bildirir.
Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində "qara bazar"da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.