Avropa İttifaqı (Aİ) regionda Azərbaycandan daha etibarlı tərəfdaş görmür.
Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” mövzusunda çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan çox vacib ticarət tərədaşlarıdır.
M.Mard deyib: “Azərbaycanın idxal etdiyi məhsulların 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. İndi bizim tərəfdaşlığımız stabillik və möhkəm əməkdaşlıq mərhələsinə keçir. Bu əməkdaşlıq Aİ üçün çox vacibdir.”
Daha sonra o deyib: “Mən dünən Yevlaxda oldum və kənd təsərrüfatının inkişafına necə diqqət verildiyini gördüm. Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükü məsələsini inkişaf etdirəcəyik. Bundan başqa, Aİ ASAN xidmətin iş təcrübəsini öyrənmək və iqtisadi sahələrin inkişafında Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir.”
M.Mard əlavə edib: "Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir və Aİ bütünlüklə bu layihəni dəstəkləyir. Layihəyə başqa ölkələr də qoşula bilər, məsələn İran".