“Siyasət çətin bir sahədir. Burada həm uduzmaq, həm də udmaq olur. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra xanım da bu məsələləri çox gözəl başa düşür. Bircə onu bilirəm ki, Sandra Saakaşvili siyasi məsələlərə görə Mixail Saakaşvili ilə münasibətləri pozmayıb. Cütlük tez-tez bir araya gəlir”.
Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyib.
Onun sözlərinə görə, Mixail Saakaşvili ilə xanımı arasında heç bir ailə münaqişəsi baş verməyib.
“Aralarında bir ailə kimi isti münasibətlər mövcuddur. Hal-hazırda Mixail Saakaşviliyə cinayət işi açılıb. Ona görə də Gürcüstana gələ bilmir. Amma Sandra Saakaşvili tez-tez Ukraynaya həyat yoldaşının yanına gedib-gəlir. Belə deyək də, Ukraynada tez-tez bir araya gəlirlər. Hətta, bu yaxınlarda bir neçə deputatla Saakaşvilinin ailəsi ilə bir yerdə idik. Hamımız onların necə yaxşı vaxt keçirdiyinin şahidi olduq”.
Xatırladaq ki, Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatorluğundan istefa verib.
Hal-hazırda Gürcüstanda keçmiş prezident cinayətə cəlb edildiyindən adıçəkilən ölkəyə buraxılmır.