Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır.
Report bildirir ki, dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: "Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında böyük həcmdə olan kəsirlə bağlıdır".
Report-un analitikləri qlobal iqtisadiyyatın zəifləməsi və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyası, həmçinin ABŞ-da uçot dərəcəsinin artması ilə dünya kapitalının bu ölkəyə axması fonunda türk lirəsi aktivlərindən sürətlə çıxış yaşanacağını, nəticədə, lirənin ucuzlaşacağını proqnozlaşdırır: "Daha əvvəl Türkiyədə dolların məzənnəsinin ilin sonuna qədər 3,30 TRY/USD-yə çatacağını ehtimal edirdiksə, hazırda bu proqnozu 3,40 TRY/USD-yə kimi artıra bilərik. 2017-ci ilin ilk yarısında isə məzənnənin 3,80 TRY/USD səviyyəsinə qədər artması mümkündür".