Azərbaycan Texniki Universitetində aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun haqqında hazırlanan filmin nümayişinə icazə verməyib.
Bakı Post xəbər verir ki, universitet rəhbərliyinin bu addımı tələbələri və şəhid yaxınlarını qəzəbləndirib. Hətta şəhidin anası Ceyran Axundzadə sosial şəbəkədə bu barədə məlumatı paylaşaraq , aidiyyəti qurumlardan narazılığını bildirib, şəhidə hörmət edilmədiyini ifadə edib.
Şəhid sözü gedən universitetin məzunu olub, oranı bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Sözügedən filmi jurnalist Nigar İsmayılqızı ərsəyə gətirib. "Ölsəm... yaşat” adlı sənədli əsər ilk dəfə 15 oktyabrda şəhidin doğum günündə Sumqayıt Şəhərinin tarix muzeyində təqdim olunub. Elə orda da qərara alınıb ki, bu film şəhidin təhsil aldığı ali məktəbdə də nümayiş olunsun. Tələbələrin böyük həvəslə hazırladığı təqdimat isə gözlənilmədən ləğv olunub.
Rektorun hansı səbəbdən bu addımı atması isə hələlik bilinmir.
Qeyd edək ki, ATU-nun rektoru Havar Məmmədov Qafqaz Universitetinə rektor təyin olunandan sonra, onun postuna müvəqqəti olaraq Xalıq Yahudov təyin edilib.