"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviareyslərində “Samsung Galaxy Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınmasını tam qadağan edib.
AZAL-ın mətbuat xidmətindən verilən xəbər görə, bu qərar ABŞ və bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib: "Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir".
Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır. Həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.
"Başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatlıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir", - deyə QSC-dən bildirilib.