Ağdam rayonunda Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi döyməsi barədə məlumatlar yayılan rayonun Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov Trend-ə açıqlama verib.
Məktəb direktoru bildirib ki, məsələdən məlumatı olmayıb: "Problem artıq həllini tapıb. Bu işdə mənim adım qəsdən hallandırılmışdı və həmin şəxsin kimliyi də məlumdur. Həmin şəxsi məhkəməyə vermək üçün sənədlər hazırlayıram. Hadisə başqa cür olub. Şirazi müəllimlə mənim qardaşım arasında torpaq sahəsində mübahisə yaranıb və onlar dalaşıblar. Şirazi müəllim də həmin vaxt əsəbi olduğu üçün şikayət edib. Bəzi şəxslər isə bunu bilərəkdən ölkə telekanallarından birinin Ağdamdakı bölgə müxbirinə məlumat verib və bildiriblər ki, guya Şirazi müəllimi mən döymüşəm.
İş araşdırıldı və məlum oldu ki, hadisədə mənim heç bir günahım yoxdur, Şirazi müəllimlə qardaşım dalaşıb. Artıq polis tərəfləri barışdırıb və məsələ həll olunub".
Xatırladaq ki, Səfərli kənd orta məktəbinin direktor müavini Ş.Ağayevin məktəbin müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz tərk edib evə getməsi barədə məktəb direktoruna və müəllimənin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru F.Səfərova məlumat verməsi, məktəb direktorunun da buna görə Ş.Ağayevi döyməsi barədə məlumat yayılmışdı.