“Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumları artırılıb. Bu, yerli istehsalın qorunmasına və genişlənməsinə, eləcə də ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Ancaq bu ilk addımdır. Belə ki, özünütəminetmə səviyyəsi yüksəldikcə yeni məhsullar bu siyahıya daxil edilə bilər”.
Modern.az xəbər verir ki, bu barədə Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb.
“Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür”.