Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitdə iştirak etməməsinə görə Yerevanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi məsələsi müzakirə olunmayıb.
Erməni KİV-i xəbər verir ki, bunu KTMT-nın hazırkı rəhbəri Nikolay Bordyuja bildirib.
Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Qazaxıstan prezidenti Nursulatn Nazarbayevin xəstəliyi ilə əlaqədar təxirə salınıb.
“Bu məsələnin bütün prezidentlərin iştirakı ilə həll olunmasını nəzərə alan liderlər dekabrda görüşmək barədə razılığa gəliblər. Məhz onda, Şuranın bütün iştirakçıları iclasda olduğu vaxt liderlər yekun qərar qəbul edəcəklər”, - deyə Bordyuja bəyan edib.
Xatırladaq ki, Qazaxıstan prezidenti soyuqdəymə ilə əlaqədar KTMT-nin 13-14 oktyabrda Yerevanda keçirilən iclasına getməyib.
Onu da xatırladaq ki, daha əvvəl “Aykakan Jamanak” qəzeti Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik etməkdən imtina etdiyini yazmışdı. Nəşrin yazdığına görə, bundan sonra Ermənistan rəhbərliyi digər sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı KTMT-ya rəhbər gətirməyi planlaşdırırdı.