Bakı şəhəri, Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub. Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.
R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”.
48 saylı orta məktəbin direktoru Şahismayıl Rüstəmov lent.az-a bildirib ki, torpaq uçqunu məktəb binasına hər hansı ziyan vurmayıb. O qeyd edib ki, uçqun məktəb binasından xeyli aralıda baş verib və stadionun kənarında bir neçə metrlik ərazini əhatə edib: "Hadisə gecə saatlarında baş verib. Yağışın təsiri ilə torpaq uçqunu olub, hər hansı xəsarət və ya maddi ziyan yoxdur".