Xəlil Rza Ulutürk çox insanın qəlbində böyük heykəlini “ucaldıb”. Azadlıq, istiqlal şairi elə bir varlığa sahib olub ki, bunu bizə irs kimi qoyub getdiyi əsərlərində duymaq çətin deyil. Təəssüf ki, meydanlarda insanaları bağıra-bağıra mübarizəyə səsləyən bu böyük insan çəkdiyi zillətin barını görə bilmədi. Azadlıq üçün mübarizə yolunda biz onu, o isə oğlunu itirdi.
"Yenimeydan.info" Qafqazinfo”nun Firəngiz Ulutürklə maraqlı müsahibəni təqdim edir. Əllərindən öpüləcək bu xanım həm Xəlil Rza kimi dahi insanın həyat yoldaşı, həm də Təbriz Xəlilbəyli adlı şəhidimizin anasıdır.
“Xəlil ölməli kişi deyildi”
Uzun kipriklərin islanmasın yox,
Qoymaram şeh düşə bir gülüşünə,
Yer üzünün bütün qiyamətləri
Qurban olsun sənin bir gülüşünə.
Xəlil Rza vaxtiylə xanımına həsr etdiyi şeirlərindən birində onun qayğısına qaldığını beləcə əyan etmişdi.
Firəngiz xanımsa ömür –gün yoldaşı ilə bağlı xatirələrini elə sevgiylə danışır ki, adama elə gəlir ki, söhbət bir neçə il əvvəldən gedir. “Xəlildən yaşadığım illər ərzində bir dəfə də inciməmişəm. O, çox humanist, gözəl insan, qayğıkeş ata və diqqətli həyat yoldaşı idi. Heç vaxt pul, var-dövlət barəsində söhbət də etməzdi. Pulunu son qəpiyinə kimi mənə həvalə edərdi(gülür), mən də, özü də nəyimiz vardısa hamı ilə bölüşməyə, paylaşmağa hazır idik. Onu kəksin tənqidi şeirlərindən sonra işlədiyi Pedaqoji İnstitutdan kənarlaşdırdılar. Bu ona pis təsir etmişdi. Amma hər pis işin bir yaxşı tərəfi də olur. Bu zaman mən meydan atıldım. Neft Akademiyasındakı fəaliyyətimə təkan verdim, baş müəllimə vəzifəsinə qədər yüksəldim. Xəlili işsiz olan vaxtlarında təsəlli edirdim, o isə mənə dəstək verirdi. Uşaqlarına qarşı çox təmkinli idi. Oğlanlarımız otaqda səs-küy qoparanda, deyirdim ki, “atasan , açıqlan da onlara”, deyərdi ki, “qoy sərbəst olsunlar, bir azdan cəmiyyət onları elə sıxacaq ki, heç olmazsa ata ocağını xatırlasınlar”. Mənimlə incəliklə, ehtiyyatla davranardı, uşaqlarına da deyərdi “ananız evimizin ən fəalıdır, onu qiymətləndirib, başa düşməliyik.” Bir dəfə bir tanışı arvadından şikayət edib ona, o isə cavabında belə deyib, “hər kəs qadınını xoşbəxt etsə, cəmiyyətdə narazılıq olmaz.” Xəlilin özünəməxsus yumor hissi də vardı. O, mənim bacımın qrup yoldaşı idi. Elə bacımın sayəsində bizim tanışlığımız baş verib. Bacım dərsdən sonra “Azərnəşr”də işləyirdi. Anam mənimlə bacıma yemək göndərərdi. Xəlil də məni ilk dəfə pilləkənlərdən düşəndə görmüşdü. Buna görə də zarafatla mənə deyərdi, “ pilləkəndən tez-tez düşməyindən bildim ki, cəld qızsan, sən mənim xanımım ola bilərsən.”
“Xəlilin həbs olunmasını bacım yox, dövlət xəbər verməliydi”
“Azadlıq hərəkatı başlayanda Xəlil qabaqda gedirdi. Onun şair, natiq olması insanların gözünü açmaq üçün yaxşı vasitə idi. Meydanda camaat qarşısında elə çıxışlar edirdi ki, qan-tər içində qalırdı. Ordan-burdan eşidirdim ki, Xəlil yenə “şuluq” salıb, onun üçün narahat olub deyirdim ki, “bir güllə bahar olamaz”.
Dayanmadan “vuruşmağ”a, söz qılıncından istifadə etməyə israrlı idi. Deyirdim ki, heç olmazsa “yüngül” çıxış elə, cavabında deyirdi, “meydanda hər cür insan var, hamının dediyimi başa düşməsi üçün məsələni kökündən baltalanmaq lazımdır.” Onun şeirləri də bir başa şəxslərə ünvanlanırdı. 20 yanvar faciəsindən sonra lap od püskürməyə başladı. Sovet İmperiyasına olan qəzəbi bir az da artdı. Bu artıq çıxışlarında da özünü biruzə verirdi. 20 yanvar şəhidlərinə( şəhid olmuş elm adamlarına) Akademiyanın həyətində toplantı keçirilirmiş. Xəlil də Mikayıl Mirzə ilə olub. Bir gənc Xəlilə yaxınlaşıb və rus əsgərinin əlində onun şəkli ilə dolaşdığını deyib. Gənc bir neçə dəfə Xəlili xəbərdar edib və onu sevdiyindən təhlükəni hiss edib və oradan uzaqlaşmağını məsləhət görüb. Xəlil əhəmiyyət verməyib və çıxışında Qorbaçovu ifşa edən şeirini də deməkdən çəkinməyib. Sonra doğrudan da Xəlili, Mikayılı tutublar. Mikayıl Mirzəni azad ediblər. Xəlilə ilk gecə saxladıqları yerdə “ağcaqanad işgəncəsi” veriblər. Şairin dediyinə görə, xüsusi növ ağcaqanadları adamın üzərinə buraxıb, sorğu suala tuturmuşlar. Sonrakı gündə Xəlili Moskvaya məşhur Lefortovo həbsxanasına aparıblar. Moskvaya aparılan zaman təyyarədə əli qandallı olsa da, sonradan “Xüsusi təyyarədə” adlı şeirini yazıb, özü də elə yazıb , elə bil dincəlməyə gedir.(gülür)
Xəlildən xəbər almayanda general V.Dubinyaka, Ayaz Mütəllimova, Akademiyanın o vaxtkı prezidenti Sayalıyeva teleqramlar göndərdim, amma xəbər gəlmədi. Nə yaxşı ki, həmin vaxt bacım müalicəsi ilə əlaqədar Moskvada idi. O mənə araşdırıb məlumat verdi ki, Xəlili Lefortovaya salıblar. Bacım onunla telefonla danışmağa nail olub və Xəlilin birinci istəyi o olub ki, isti paltar gətirsinlər, çox üşüyür. Xəlilin məhkəməsi oldu, o vaxtkı qanunun 67-ci maddəsinə(milli ədavətin qızışdırılmasında fəal iştirak edib)görə, 8 ay, 16 gün müddətində Lefortovoda qaldı. Hər onunla görüşümdə, əliqandallı gəlirdi, azadlığı sevən insanın bu vəziyyətdə qalması məni sarsııdrdı. Olub ki, ona bananın içində məktub göndərmişəm, gedib Xəlilə də çatıb. Bizi görüşəndə ana dilimizdə danışmağa qoymurdular. Xəlil həbsdə olduğu müddətdə də mənə təsəlli verməkdən, şeir yazmaqdan yorulmamışdı. Zindan da ona başqa ilham vermişdi, yeni yaradıcılıq səhifəsi yaranmışdı. O, həbsdə əziyyətli günlər keçirsə də, heç vaxt peşimançılıq çəkməyib.”
Şair bunu “Soruş peşimanammı”şeirində də etiraf edib.
“Kruçkovla görüşdən sonra qorxdum ki, məni də tutarlar”
“ SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin(KQB)rəhbəri ilə görüşə can atırdım. Görüşüm alındı. Görüşə Xəlilin rus ədəbiyyatından milli dilimizə tərcümə etdiyi kitablarını da gətirmişdim. KQB rəhbəri Vladimir Kruçkova dedim ki, Xəlil yalnız öz xalqını sevmir, başqa xalqları da sevir. O rus qoşunlarının Azərbaycandan çıxmasını tələb edib, bir vətəndaş kimi buna istəməkdə haqlıdır. Sonra gətirdiyim kitabları ona göstərdim. Kitabları vərəqlədi, “yaxşı” dedi. O, mənim cəsarətimə məəttəl qalmışdı. Mənsə onunla görüşdən çıxandan sonra qorxuya düşdüm. Qorxdum ki, məni də tutarlar. Amma bu baş vermədi. Xəlil də görüşümü eşidəndə inanmamışdı.”
Zindana əlvida. Xəstəliyə təslim olmaq...
“Xəlil Bakıya qayıdandan sonra çox sevinmişdim. Amma o şəkərli diabet xəstəsi idi. Elə Lefortovoda da nəzarət altında yaşayırmış. Keçirdiyi gərginlik, sıxıntı da onu birtəhər etmişdi. Bu dəfə də ürəyində problem yarandı. Türkiyəyə getdik. Orada ürək damarının dəyişdirilməsi əməliyyatını keçirdi. Sonra səhhətiylə bağlı Almaniyaya da getdik. Mərhum prezident H. Əliyevin Fransaya səfərində biz də onunla idik. Burada da xüsusi müayinələrdən keçdi. Həmin vaxt H. Əliyev Xəlilin qayğısına qalınması üçün tapşırıq vermişdi.
“Oğlum Təbrizdən sonra çox həyəcan keçirirdi, amma gizlicə”
“Xəlil uşaqlarımızı da Vətənə sevgiylə böyütmüşdü. Şeirlərində olduğu kimi onları doğma torpaq uğrunda ölməyə hazır olmağa səsləyərdi. Elə onun bu öyüdü baş tutdu. Təbriz şəhid oldu. Xəlil isə sınmadı, oğlumun qəbirüstündə mənə dedi ki, “Firəngiz gözün aydın, oğlumuz torpağı üçün şəhid olub.” O, bunları desə də, çox sarsılmışdı. Elə ölənə qədər də öz acısını içində çəkə-çəkə yaşadı.
“Kitablarının çapı üçün qızıllarımı satdım”
“Xəlil vəfat etdi, mənimsə üzərimə böyük məsuliyyət düşdü. Onun bütün əlyazmalarına bələd idim. Ölümündən sonra 45 şeirlər kitabını çap etdirə bildim. Hətta bütün qızıllarımı satdım, onlar mənim bu günüm üçün lazım idi. O vaxt prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Xəlilin 5 cildlik əsərləri dövlət hesabına çap olunmalı idi. Amma bu vaxta qədər yalnız iki cildi çapdan çıxıb. “Elm” nəşriyyatı bu işin ləngiməsində növbənin olduğunu səbəb gətirir.”
“Xəlilin ev muzeyi olsa, çox sevinərdim”
Xalq şairi Xəli Rza ölümündən sonra “İstiqlal” mükafatına layiq görülüb. Ötən il şairin 80 illik yubileyi qeyd olundu, Firəngiz xanım isə xidmətlərinə görə prezident təqaüdünə layiq görüldü.
İndi Xəlil Rzanın evinə daxil olanda hər yerdə ondan nişanələr qalıb. İş stolu, yazı makinası, kitab şkafları, oradakı ədəbiyyat, şəkilləri, şairin ölümündən sonra onu canlandıran portretlər. Firəngiz xanım onun ev muzeyinin yaradılmasını çox istəyir. Deyir ki, artıq mən də yaşlanmışam, onun üçün nə edirlərsə indi etsinlər ki, mən də görə bilim.
Haşiyə. Firəngiz xanım görüşümüzdən qabaq evlərinin ünvanını təsvir edəndə belə dedi: “Vilaların içində yeganə köhnə doqquz mərtəbədəyik.” Həqiqətən də, kamil qadın lap yerindən vurmuşdu. Onların binası hündür olmasaydı, vilaların içində itib batardı. İndi mərhum Xəlil Rzanın evinin pəncərəsindən baxanda villalar gözə girir. Firəngiz xanım deyir ki, bizim bina bu “bərbəzəyi” pozur, ona görə də az qala bir müddət əvvəl evimizi sökmək istəyirdilər. Etiraz etməsəkdik, indi burada yaşamağa davam etməzdik. Məni bir sual düşündürür. Görəsən, malikanə sahibləri bir vaxtlar canını, ömrünü ölkəsinin azadlığı üçün verən, nəfəsini tükədən Xəlil Rzanı bir dəfə də olsa xatırlayırlarmı, ya övladları tanıyırlarmı? Böyük şairin dəbdəli evi olmasa da, hər halda yaşadığı bina həmin villa və villacıqlardan yüksəkdə dayanır, əzəmətini itirmir. Bu yerdə nədənsə şairin bu sətirləri yada düşür. “Xırdalar” şeirindən.
Qətiyyən baş qoşmaq istəmirəm mən
Cırtdan adamlara, cır adamlara
Heyhat, rast gəlirəm yollarda bəzən
Ayağa yapışan qır adamlara.
Ürəyi xırdalar, gözü xırdalar,
Fikri, düşüncəsi, sözü xırdalar.
Xırdalar içində ömr etməyimiz
Qızıl olsaq belə bizi xırdalar.
Xırda mikroblardan yaranır zədə,
Var ol, xırdalığı məhv edən, əzən
Heyhat, xırdalıqla mübarizədə
Böyük ürəklər də kiçilir bəzən.
Allah böyük Xəlil Rza Ulutürkə rəhmət eləsin! Xalq şairimiz əbədi yaşayacaq, özünün dediyi kimi, “Çoxu gəldi-gedərdir, mən əbədi qalasıyam.”
Firəngiz xanıma isə ilahidən uzun ömür, canının sağlığını diləyirik!
Raminə Eyvazqızı