Bakı Ekspo Mərkəzində Azərbaycan Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə X Yubiley Azərbaycan Beynəlxalq Təhsil, eyni zamanda X Karyera sərgisi işə başlayıb.
APA TV-nin məlumatına görə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrdən ümumilikdə 118 təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatların nümayəndələri təmsil olunur.
Ölkəmizin sərgidə iştirak edən ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitet, Azərbaycan Texnologiya Universiteti və digərlərinin adları var.
Tədbirin diqqətçəkən guşələrindən biri Təhsil Nazirliyinin stendidir. Burada ziyarətçilərə nazirliyin fəaliyyəti, perspektiv plan və proqramlar barəsində ətraflı məlumatın verilməsi nəzərdə tutulur.
Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, eləcə də ikinci ali təhsil və MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramların təqdimatı, eləcə də xaricdəki ali təhsil müəssisələrində təhsil almaq istəyən tələbələr üçün müraciət imkanlarının yaradılması da nəzərdə tutulur.
Sərgiyə gələnlər qəbul prosesinin ilk addımları, qəbula hazırlıq, sənəd qəbulunun müddəti, təhsil haqqı və yaşayış yerləri kimi məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəklər.
Təhsil Nazirliyinin sərgidəki stendində nazirliyin bu sahədə həyata keçirdiyi proqram və tədbirlər, "SABAH" qrupları və digər önəmli layihələr barəsində iştirakçılara ətraflı məlumat verilir. Nazir müavini Ceyhun Bayramov bu cür sərgilərin təhsilin inkişafına təkan vermək baxımından zəruri olduğunu hesab edir: "Sevindirici hal ondan ibarətdir ki, son illərdə olduğu kimi, həm yerli, həm də xarici təhsil müəssisələri və təhsil sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən sərgiyə maraq yüksəkdir. Hesab edirik ki, Azərbaycanda həm təhsil alanlar, həm də təhsil verənlər üçün çox maraqlı bir platforma yaradılıb".
Nazir müavini son zamanlar orta məktəblər, xüsusilə də aşağı sinif şagirdləri üçün nəzərdə tutulan proqramların, eləcə də dərs yükünün ağırlığı ilə bağlı valideynlər tərəfindən səslənən narazılıqlara da münasibət bildirib: "Bilirsiniz ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərsliklər ibtidai sinif şagirdlərinə təqdim olunur və ibtidai təhsil səviyyəsində həftəlik dərs yükü norması var. Azərbaycanda tətbiq olunan həftəlik dərs yükü norması, dərsliklər beynəlxalq standartlara uyğun şəkildədir. Biz onu yalnız o formada şərh edə bilərik ki, bizim tərəfimizdən təqdim olunan dərsliklər, onların sayı və çəkisi uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil. Bir çox hallarda bu məsələ qaldırılır, amma görünür ki, bir çox hallarda valideynlər tərəfindən çantalara əlavə resurslar da qoyulur. Hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun".
Qeyd edək ki, sərgidə 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyent və tələbələrin iştirak edəcəyi, sərgi çərçivəsində müxtəlif seminarların təşkil olunacağı bildirilir.