Azərbaycan gömrüyünün “əfsanəsi və qara kölgəsi” kimi bilinən Əbülfəz Məlikovu bu günə qədər nə bir iş adamı, nə də bir jurnalist görməyib
Bakıda inşa olunan və tikintisi tamamlanmaqda olan demək olar ki, bütün binaların birinci mərtəbəsində Əbülfəz Məlikov üçün bir neçə günlük səyyar ofis hazırlanır. Hansı ünvana gedəcəyini isə o, ancaq axşam saatlarında maşina oturub yola düşərkən ətrafındakı bir neçə adama söyləyir. Əbülfəz Məlikov ofisə çatdığı zaman isə onu orda gün ərzində toplanan gömrük sənədləri və gömrükdən toplanan qeyri-rəsmi pullar gözləyir.
Son bir ayda “Trans Broker” MMC -nin rəhbəri Əbülfəz Məlikovun gömrükdən uzaqlaşması haqqında məlumatlar ölkə mətbuatında əsas yerlərdən birini almaqda davam edir. Qeyd edək ki, “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan, azad sahibkarlığın inkişafına birbaşa maneə funksiyasını həyata keçirən şəxs kimi tanınır. İş adamları və mətbuat nümayəndələri arasında o, daha çox “Broker Əbülfəz” kimi məşhurlaşıb.
Öncədən qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Lakin “Trans Broker” MMC, daha doğrusu Əbülfəz Məlikov uzun illərdir ki, himayədarlarının ona verdiyi sonsuz hesab olunacaq qədər səlahiyyətlərlə sahibkarları belə müqavilələr bağlamağa və sahibkarın gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlardan almaqla məşğul olub və bu da sonucda ölkədə monopoliyanın güclənməsinə və azad sahibkarlığın demək olar ki, yox olmasına yol açıb.
İşin ilginc tərəflərindən biri də odur ki, Azərbaycan gömrüyünün “əfsanəsi və qara kölgəsi” kimi bilinən Əbülfəz Məlikovu bu günə qədər nə bir iş adamı, nə də bir jurnalist görməyib. Demək olar ki, “kölgə adam” olan Əbülfəz Məlikovun haqqında bu üzdən əfsanələr dolaşıb. Onun bütün funksiyalarını isə çox saylı köməkçiləri həyata keçirib. Bu yazıda biz bir zamanlar Əbülfəz Məlikovun yaxın ətrafında yer alan və sonradan uzaqlaşdırılan bir şəxsin anaxəbər.az saytına verdiyi məlumatlar əsasında yola çıxaraq Azərbaycan gömrüyünün “əfsanəsi və qara kölgəsi”nin portretinin bəzi cizgilərini yaratmağa çalışacağıq.
“Kölgə adam” necə çalışır?
Verdiyi məlumatların səhihliyinə əmin olduğumuz mənbəmiz bildirir ki, Əbülfəz Məlikov bir qayda olaraq ancaq gecələr çalışır. Maraqlıdır ki, Azərbaycan gömrüyünün “kölgə adam” uzun illər boyu bir ofisdə ancaq bir neçə gün çalışıb. Yəni davamlı olaraq yer dəyişib. Belə ki, Bakıda inşa olunan və tikintisi tamamlanmaqda olan demək olar ki, bütün binaların birinci mərtəbəsində Əbülfəz Məlikov üçün bir neçə günlük səyyar ofis hazırlanıb. Bu ofisləri ona ən yaxın olan adamlar ayarlayıb və Əbülfəz Məlikov hər gün bir neçə ofisin içindən seçim edib. Hansı ünvana gedəyəini isə ancaq axşamsaatlarında maşina oturub yola düşərkən ətrafındakı bir neçə adama söyləyib. Əbülfəz Məlikov ofisə çatdığı zaman isə onu orda gün ərzində toplanan gömrük sənədləri və gömrükdən toplanan qeyri-rəsmi pullar gözləyir.
Mənbə bildirir ki, sənədlər bir qayda olaraq qovluqlarda, pullar isə kisələrdə olurdu. Əvvəl sənədlərə baxılır, hesabat aparılır, sonra isə, səhərə yaxın pullar pul sayan maşınlarla sayılırdı. Daha sonra sənədlər və pullar Əbülfəz Məlikovun maşınlarından birinə yüklənir və o sənədlərlə pullaırn hara getdyini Əbülfəz Məlikovdan xaric ancaq bir, ya da bir neçə adam bilirdi. Eyni iş rejimi səhərisi gün axşam yenidən təkrarlanırdı. Yalnız iki, ya da üç gündən bir Əbülfəz Məlikov yeni ofisə köçürdü. Mənbə bildirir ki, orda çalışdığı bir il ərzində hardasay üzdən çox ofis dəyişikliynin şahidi olub və ona yeni ofisin ünvanı iş başlamazdan yarım saat əvvəl SMS-lə yollanılırdı.
“Trans Broker” MMC-nin iş prinsipi
Oxücülara hər şey aydın olsun deyə “Trans Broker” MMC -nin iş prinsipi ilə tanış edirik. “Trans Broker” MMC -nin sahibkarlardan “haqq” yığma metodu çox sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Azərbaycan gömrüyündə uzun illərdir ki, bir “qızıl qayda” hökm sürüb. Brokerlər gömrüyə daxil olmayana qədər, heç bir gömrük işçisi yük maşınlarının qapısını aça bilməz. Brokerlər bütün maşınların içində olan əşyaları bir-bir sayır, onların hesabını aparıb qeyri-rəsmi sənədlər hazırlayır və qeyri rəsmi rüsumlar sahibkarlardan alınır və həmin sənədlər və pullar hamısı Əbülfəz Məlikovun masasına gelir. Əgər gömrüyün təxminən 3000 nəfər işçısi varsa, “Trans Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var və bu insanlar Azərbaycan gömrüyünə tam nəzarəti həyata keçirirlər. Mənbə bildirir ki, “Trans Broker” MMC-nin müxtəlif sahələr üzrə 7 şöbəsi fəaliyyət göstərir və hər şöbənin başında Əbülfəz Məlikova birbaşa tabe olan şəxslər durur.
“Trans Broker” MMC-nin rəhbərliyi ölkəmizə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla, az qala milyardalralla qazanc əldə etmələri heç kimə sirr deyil. Bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov və onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası “paket” sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq “paket” alırlar.
Qeyd edək ki, “Trans Broker” MMC Azərbaycan bazarında qiymətlərin səviyyəsinə qeyri-rəsmi şəkildə nəzarət edir. Bazardakı qiymətləri də uzun illər boyu məhz Əbülfəz Məlikov təyin edib. Həmçinin bazarda olan iş adamlaırnı da. Yəni, Əbülfəz Məlikov istədiyi iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilib. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçə bilməyib. Yəni faktiki olaraq uzun illər boyu bu adam Azərbaycan gömrüyünə tam nəzarəti birbaşa həyatam keçirib.
Bəs Əbülfəz Məlikov doğurdanmı Azərbayan gömrüyünə nəzarəti itirib?
Bəs doğurdanmı Azərbaycan gömrüyünün “əfsanəsi və qara kölgəsi” gömrük sisteminə nəzarəti itirib? Qeyd edək ki, bu barədə məlumat prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun gömrüyün fəaliyyətində ciddi nöqsanların olduğu və bu nöqsanların ortadan qaldırılması ilə bağlı söylədiyi fikirlərdən sonra ortaya atılıb. Hətta bəzi mənbələr prezidentin köməkçisinin bu nöqsanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirir. Bəs hazırda Azərbaycan gömrüyündə tam olaraq vəziyyət necədir?
Anaxəbər.az saytına danışan məlumatlı mənbə bildirib ki, bu barədə xəbərlər əslində şişirdilib. Doğrudur, bəzi sahələrə nəzarət Əbülfəz Məlikovun nəzarətindən alınıb. Ancaq buna baxmayaraq hazırda Əbülfəz Məlikovun əlində yenə də böyük səlahiyyətlər var. Belə ki, mənbə bildirib ki, Çindən və Türkiyədən Azərbaycana gələn karqo yüklərin tam nəzarəti yenə də Əbülfəz Məlikovun əlindədir. Həmsinin bir çox malların ölkəyə gətirilməsi monopoliyası da birbaşa Əbülfəz Məlikova aiddir və bu monopoliya da hazırda “Trans Broker” şefinin əlindən alınmayıb. Yəni faktiki olaraq Əbülfəz Məlikovun nəzarət dairəsi bir qədər məhdudlaşdırılıb. Lakin hələ də “Trans Broker” MMC Azərbaycan gömrüyündə əsas söz sahibi kimi çıxış edir.