AUTİZMLƏ BAĞLI HƏM BEYNƏLXALQ TƏŞKİLATLAR, HƏM DƏ DÖVLƏT BAŞÇISINA YANLIŞ İNFORMASİYALAR VERİLİR
Azərbaycanın təhsil sistemində baş verən neqativ hallar haqqında mətbuatda nə qədər yazılsa da, ortalıqda olan problemlərin aradan qaldırılması üçün hələ ki, nazir Mikayıl Cabbarovun bütün bunlarla bağlı məsələlərə konseptual yanaşma tərzinin şahidi olmuruq.
İnklüziv təhsillə bağlı atılan addımlar kontestindəki çabalarla əslində təhsil naziri həm bu işdə Azərbaycana yardımda bulunan beynəlxalq təşkilatları, həm də birbaşa dövlət başçısının özünü aldadır. Autizm və daun sindromlu uşaqların reabilitasiyası məqsədi daşıyan inklüziv təhsilin genişləndirilməsi üçün ayrılan maddi vəsaitlərin hara və necə xərclənməsi ayrıca bir mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmuruq. Bununla bağlı əlimizdə olan bəzi faktları dəqiqləşdirəndən sonra oynanılan çirkin oyunlar bütün təfərrüatlarıyla geniş oxucu kütləsinə təqdim olunacaq..
Təhsil nazirinin yalanları sırasında ən böyük çılpaqlıq məhz inklüziv təhsillə bağlı verdiyi açıqlamalardadfır. Bəri başdan onu qeyd etmək lazımdır ki, Mikayıl Cabbarovun inklüziv təhsil, autizm və daun sindromlu uşaqlarla bağlı sadaladığı "faktlar"da heç bir yenilik, heç bir reallıq yoxdur. Keçmiş təhsil naziri Misir Mərdanovun adı çəkilən məsələlərlə bağlı etdiyi çıxışların kontekstindən çıxarışlar edib bunu günün reallığı kimi qələmə vermək əslində Mikayıl Cabbarovun diletant xarakterindən irəli gəlir. Autizmlə bağlı Təhsil Nazirliyinin sadaladığı "reallıqlar" neçə il bundan öncə Misir Mərdanov tərəfindən səsləndirilib.
DAĞIDILAN PULLAR VƏ KOMİSSİYA OYUNBAZLIĞI
Bu kateqoriyadan olan uşaqların reabilitasiyası üçün tərtib olunan proqramın detalları bütövlükdə cəmiyyətin özündən də gizli saxlanılır. Aydın məsələdir ki. bütün uşaqların qayğıya ehtiyacları var. ancaq autizm sindromlu uşaqların XÜSUSİ QAYĞIYA EHTİYACLARI OLMASI gerçəkliyini səd heyiflər olsun ki. nə Təhsil Nazirliyi, nə də bununla məşğul olan digər strukturlar hələ tam yetərincə anlamayıblar. Və elə bu səbəbdəndir ki, həmin uşaqların sağlamlıq durumlarının qiymətləndirilməsini erynən sağlam uşaqların durumunun qiymətləndirilməsi ilə demək olar ki, eyniləşdirirlər. Adi tam normal bir uşağı tanımadıqlarıyla üz-üzə qoyanda, mühitini dəyişəndə, fərqli adamlarla ünsiyyətə cəlb edəndə uşağın özünü aparmasında müəyyən qüsurlar üzə çıxır. Belə olan halda təşkil olunan tibbi-psixoloji xidmətin autizm və daun sindromlu uşaqlarla bağlı verdiyi rəyin özü qüsurludur.
Yaxın xaricin təcrübəsinə isnad etsək, görürük ki, autizm və daun sindromlu uşaqların sağlamlıqlarının qiymətləndirilməsi üçün günlərlə vaxt sərf olunur və bu işdə qiymətləndirmə komissiyaları daha çox uşaqların özünü aparmaları, biliyilə bağlı həm valideyinlərin. həm də mərkəzlərin çəkdikləri videorolikləri analiz etdikdən sonra qərar verilir.
Bəs bizdə necədir? Bəri başdan deyək ki, əgər inklüziv təhsillə bağlı Azərbaycana BMT kimi beynəlxalq təşkilat yardımda bulunursa, onda şübhəsiz ki, beynəlxalq normalar da bu işdə əsas götürülür və bu məqsədlə heç şübhəsiz ki, müəyyən paralar da ayrılır.
ELƏ İSƏ cənablar, hanı bu normalar və hanı bu paralar?
İkinci bir tərəfdən, tibbi-psixoloyi xidmət məqsədilə 3-cü və 5-ci günlərin timsalında iki günü ayrılması və autist uşaqların qiymətləndirilməsi üçün onların şəhərin mərkəzinə gəlmələrinin özü artıq onlarda psixoloji gərginlik yaratmış olur. Üstəlik bu uşaqların hansısa musiqiyə, adamlara, ictimai nəqliyyata olan fobiyaları uşaqların əsəb sistemini tam pozduqdan sonra onların həmin komissiyalarda qiymətləndirilməsi metodikası kökündən yanlışdır. Bu, həmin komissiyaların həm özlərini, həm valideyinləri, həm də dövləti aldatmalarından başqa bir şey deyil. Belə bir şəraitdə sağlamlığın qiymətləndirilməsi mümkün olan şey deyil.
VƏTƏNDAŞIN DƏRDİNƏ BİGANƏ QALMAĞIN "PİLOT LAYİHƏ"Sİ
Hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ ölkə Koctitusiyasında apaydın bir şəkildə yazılıb. Kimliyindən asılı olmayaraq heç kimin heç kimi təhsildən məhrum etmək hüququ yoxdur.
Məsələyə formal baxımdan yanaşanda Təhsil Nazirliyinin inklüziv təhsillə bağlı "PİLOT MƏKTƏBLƏR LAYİHƏSİ" alqışlanasıdır. Ancaq bu "layihə"nin eybəcərlikləriylə qarşılaşanda adamı dəhşət bürüyür.
Bakı şəhəri üzrə 4 ümumtəhsil orta məktəbinə "Pilot məktəb" statusu verən Təhsi Nazirliyi heç digər addımları demirik, məhz bu statusdan irəli gələn vəzifələrin neç yüzdə birini də yerinə yetirmir. Həmin "pilot məktəblər"də apardığımız müşahidələr və müəllimlərin özləriylə etdiyimiz söhbətlər də bunu deməyə əsas verir.
ƏVVƏLA, Təhsi Nazirliyi heç özü də nə etdiyini bilmir. Ya da dövlətin Təhsil Nazirliyinin qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi baxımından qanunlar çərçivəsində deyil, hansısa korporativ maraqlar çərçivəsində davranır. Əgər belə olmasaydı, onda bu vaxta qədər qismən də olsa inklüziv təhsil sahəsində təcrübə toplamış 200 saylı məktəbə bu ildən qəbula qadağa qoyulmaz və bu, təhsil nazirinin əmriylə təsdiqlənməzdi. Maraqlıdır, söhbət uşaqların reabilitasiyasından gedirsə, onda nədən bu sahaədə az-çox uğura imza atmış və valideyinlərin ümid yerinə çevrilən məktəbə qəbul dayandırılır?
DİGƏR BİR TƏRƏFDƏN, elə haqqında danışdığımız "200 saylı məktəbdə inklüziv təhsillə bağlı mütəxəssis yoxdur"sa, onda bu sahəyə tamamilə yad olan "pilot məktəblər" hansı proqramla reabilitasiya işlərini yönləndirə biləcəklər?
ÜÇÜNCÜ BİR MƏQAM: əgər həmin məktəblərin heç birində mütəxəssis yoxdursa, onda bu təhsil müəssisələrinin nəyi və harası "pilot məktəb"dir?
DÖRDÜNCÜSÜ: Belə çıxır ki, Mikayıl Cabbarov indi də xalqın uşaqlarının başında dəlləklik öyrənmək istəyir. Onsuz da madd-psixoloji durumları həddindən artıq çətin bir vəziyyətdə olan bu ailələrə münasibətdə təhsil nazirinin belə yanaşmalar sərgiləməsi vətəndaşla dövlət arasında bir uçurum yaradır.
BEŞİNCİSİ: Bu gün yüzlərlə uşaqlar reabilitasiya mərkəzlərində müalicə olunmaqdadır. Ancaq Mikayıl Cabbarovun "pilot məktəbləri"nə 2-3 nəfərin qəbulu nəzərdə tutulur. Bu, vətəndaşın dərdinə biganə qalmağı sərgiləyən "pilot layihə"dir.
ALTINCISI: "Pilot məktəblər"də apardığımız söhbətlərin hamısında vurğulandı ki, "bizdə heç bir mütəxəssis yoxdur, adi müəllimlər bu işə yönləndiriləcək". Sual olunur: əgər Təhsil Nazirliyi doğrudan da autizm və daun sindromlu uşaqların reabilitasiyaları üçün çabalar göstərirsə, onda nədən bu məqsədlə ayrılan pulların bir qismini elə həmin mərkəzlərdə çalışan mütəxəssislərə ayırıb onları ümumtəhsil məktəblərinə yönləndirmir? .........
Mövzunu davam etdirəcəyik. Bununla bağlı Azərbaycana yardımda bulunan beynəlxalq təşkilatların mövqeyini də istəkli oxucularımıza təqdim edəcəyik. Paralel olaraq Təhsil Nazirliyinin yetkililərini də dinləməyə hazırıq..... ("Milletinsesi.az")