SABUNÇU XƏSTƏXANASINDA SOSİAL NARAZILIĞIN KLİNİK SİMPTOMLARI
Bu gün özəl xəstəxanalarda xidmət pullu olduğundan həkimlərin öz işlərinə məsuliyyətlə yanaşmaları da digərlərilə müqayisədə daha yüksək səviyyədədir. Pasiyentə tibbi xidmətin də həmin səviyyə ilə eyni ölçüdə olması xəstənin yaxınlarına can rahatlığı verir. Təbii ki, bütün bunların başındasa vətəndaşın maddi imkanları dayanır.
Və dərd orasındadır ki, əgər bu gün pulun yoxdursa, uzanıb ölsən də, Hippokrat andını içənlərin tam əksəriyyəti heç gözlərinin ucuyla da sənə baxmayacaqlar. Bəzi faktların fonunda bir qisim həkimlərin xəstəyə münasibətdə psixoloyi-davranış tərzlərindəki parapsixoloji induviduallıq Azərbaycan səhiyyəsinin bərbad gündə olmasının birbaşa görüntüsüdür.
Özəl xəstəxanaların baş gicəlləndirici qiymətləriylə paralel olaraq dövlət təminatlı xəstəxanalarda da eyni qiymətlərin cövlan etməsi dolayısı yolla vətəndaşlar arasında sosial narazılıqların baş qaldırmasında katalizator rolu oynayır. Bu kontekstdə əcnəbi həkimlərin ölkəmizdəki fəaliyyətlərinin xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilməsi ehtimalı da böyükdür. Maraqlıdır, bəs həmin əcnəbi həkimlər məsuliyyətdən necə yayınırlar, Səhiyyə Nazirliyi onların fəaliyyət göstərməsində aidiyyatı dövlət strukturları əlaqəli iş qura bilibmi? Bütün bunlar ayrıca mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmuruq...
Çünki məsələnin dərinliyinə getsək, xarici mütəxəssisin ölkədə fəaliyyəti üçün uzunmüddətli araşdırma getməlidir. Belə ki, xaricdən mütəxəssis dəvət edən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Həmin qurumlardan xarici mütəxəssisin Azərbaycanda uçota alınması və fəaliyyətinə icazə alınmalıdır. Bundan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən həkim kimi fəaliyyət göstərməsinə icazəsi olduğuna dair şəhadətnamə verilir. Ekspertlərin bildirdiklərinə görə aidiyyatı dövlət strukturlarının məsələ ilə bağlı statistik göstəricilərinə paralel baxış deyilənləri təsdiqləmir. Sübhəsiz ki, belə olan halda özəl klinikalar məsələni tezbazar həll etmək üçün qeyri-qanuni yollara da əl atırlar. Bu isə hamıya məlumdur.
Məlum məsələdir ki, ölkəyə gələn əcnəbi həkimlərin, cərrahların çoxu qısa müddət ərzində burada işləyirlər. Onların pasiyentlərinin sonrakı taleyi necə olur? Axı bəzən müalicə, əməliyyatsonrası müayinələr uzun zaman alır. Hüquqşünas bu məsələyə də aydınlıq gətirir: “Azərbaycana dəvət edilmiş əcnəbi həkimlər Azərbaycan vətəndaşının sağlamlığına zərər vurduğu halda dəymiş zərər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 57-ci maddəsinə əsasən ödənilməlidir. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.
Belə olan halda Səhiyyə Nazirliyinin seyirçi mövqe tutması başadüşülən deyil.
Görən cəhiyyə naziri Oqtay Şirəliyevin bütün bunlardan, həmçinin dövlət xəstəxanalarının necə işləmələrindən xəbəri varmı?.. Səhiyyə nazirinin xəbərinin olub-olmamasından asılı olmayaraq hər iki halda cənab Oqtay Şirəliyev həm vətəndaş, həm də dövlət qarşısında bir suç sahibidir: əgər baş verənlərdən Şirəliyevin xəbəri varsa, nədən bunların qarşısını almır, yox əgər yoxsa, onda Şirəliyevin məşğul olduğu işin adı nədir?
“XİDMƏT PULSUZDUR”, YOXSA SİNİRLƏRİN NEVRALGİYASI? – SƏHİYYƏNİN SABUNÇU GERÇƏKLİYİ
Cəmiyyətə elan olunan faktlardan biri də budur ki, 2008-ci il fevralın 1-dən səhiyyə nazirinin əmrinə əsasən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Ancaq aparılan müşahidələr göstərir ki, sən demə bu, sadəcə olaraq, sözdə və sənəddə beləymiş. İndi dövlət xəstəxanasına daxil olanda hər yerdə “xidmət pulsuzdur” yazılsa da, ancaq həkimlərin yanına girər-girməz özəl xəstəxanalarda olduğu kimi bütün atılacaq addımların qiyməti anındaca xəstə sahibinin diqqətinə çatdırılır. Xəstə sahibi düşdüyü durum müqabilində tam çarəsiz bir halda borc-xərclə olsa belə xəstəxananın maraqlarını ödəmək məcburiyyətində qalır. İçində çəkdiklərini öz xəstə yaxınının xatirinə həkimə sezdirmədən bütün ödənişləri edir...
Təbii ki, biz ucdantutma bütün həkimlərimizi təqsirləndirə bilmərik. Amma belələri daha çoxdur. Hippokrat andı içənlərin tez-tez bəhanə etdikləri və özlərinə haqq qazandırmaq istədikləri əmək haqqı faktorunun “azlığı” və “dərman preparatlarının, müəyyən ləvazimatların həddindən artıq kiçik bir limitlə xəstəxanalara verilməsi”sə heç də xəstəyə laqeydlik, kəlləçarxa çıxan qiymətlə çıxış etməyə əsas verə bilməz...
Elə bu günlərdə birbaşa müşahidələrimiz və faktiki xəstəmizin qarşılaşdığı “gerçəkliklər” əsasında apardığımız araşdırmalarda da deyilənlərin bir daha şahidi olduq. Kompyüter tomoqrafiyası üçün əlbəəl ödədiyimiz 90 manatın timsalında da deyilənlərin bir daha şahidi olduq. 3 saylı SABUNÇU RAYON XƏSTƏXANASInda baş verən olaylar, xəstə-həkim və xəstənin yaxınları arasındakı münasibətlərin normal məcrada olmaması barədə ölkə mətbuatında da xeyli sayda yazılar dərc olunub. Lakin buna baxmayaraq adı çəkilən səhiyyə ocağında ortalıqda olan problemlərin aradan qaldırılması üçün demək olar ki, heç bir səy göstərilməyib.
Əgər belə olmasaydı, hətta mətbuatın özündə belə zaman-zaman vurğulanan cürbəcür neqativ halların hələ də “yaşadığı”nın şahidi olmazdıq. Aparılan müşahidələrə istinadla demək mümkündür ki, Sabunçu rayon xəstəxanasında orta hesabla gün ərzində 20-25 nəfər kompyüter tomoqrafiyasından keçməli olur. Kompyüter tomoqrafiyasının qiymətlərilə bağlı tibbi personal və həkimlərin özlərilə apardığımız “sövdələşmə”dən bəlli oldu ki, təkcə “beyin tomoqrafiyası üçün hər yerdə olduğu kimi 50-60 manat, periferik sistem üçünsə 90-120 manat pul ödəmək lazımdır” – özü də “xidmət pulsuzdur” yazılan tabloların altındaca. Söhbətimizdən o da bəlli oldu ki, alınan pulun 15-20 faizi həkimin özünə, qalan hissəsi isə xəstəxananın elit təbəqəsinə qalır ki, Sabunçu rayon xəstəxanası da təkcə tomoqrafiyadan gün ərzində 25 adamdan 110 manat almaqla 2750 manat pul mənimsəyir. Bu rəqəmi aya vuranda da dövriyyədə 82500 manat pul olduğunun şahidi oluruq. Və bu orta hesabla təkcə tomoqrafiyadan gələn puldur, biz hələ əlavə sahələrdən danışmırıq.
Adlarının çəkilməsini istəməyən pasiyentlərin ümumu söhbətlərindən də bəlli olur ki, burada da qanın ümumi müayinələri orta hesabla 15-80 manat, ultrasəs müayinəsi 20-60 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Əksər hallarda xəstəni qəbul edən həkim onu “yersiz müayinələrə, analizlərə, USM və s. aparatlardan keçməyə göndərir. Hər müayinəyə 30-50 manatdan ödəyən xəstəyə bir orqanın ağrımasına görə diaqnoz qoyulması orta hesabla azı 150 manatadək başa gələ bilər. Hələ, kompüter tomoqrafiyası, hepatit C-nin yoxlanması və s. bu kimi mürəkkəb müayinələri demirik”.
Müayinə və diaqnostikalardan sonra firma dərmanlarına yazılan reseptlərə xərclənən pullar da başqa bir araşdırmanın mövzusudur. Bütün bu mənzərədən məlum olur ki, Azərbaycanda sağalmaq üçün xeyli pul xərcləməlisən. Təəssüf ki, çox halda çarəsiz pasiyentlər bu səbəbdən evini belə satmalı, banklardan kreditlə borc götürmək məcburiyyətində qalırlar.
Onda sual olunur. Əgər səhiyyədə dövlət müəssisələrində “xidmət pulsuzdur”sa, onda bu pullar nə üçün və kim üçün yığılır? Yaxud, bu və ya digər vasitələrdən istifadə etməklə Sabunçu rayon xəstəxanası mövcud qanunları tapdalayaraq xalqın cibindən bu qədər pulu oğurlayırsa və ortalıqda bu qədər pul varsa nədən sayı 2-3 nəfər olan bu sahənin həkimləri “çox cüzi maaş” almalıdırlar? Ancaq onlarla müqayisədə xəstəxananın baş həkimi elit həyat tərzi sürməlidir!?
“Səhiyyə Nazirliyi bizə 10-15 plyonka verməklə işini bitmiş hesab edir. Lazım olan tibbi ləvazimatların, preparatların çoxunu biz cibimizin puluyla alırıq” deyən həkimlərin iradlarında da böyük bir həqiqət var. Və bu həqiqətin işığında həm Səhiyyə Nazirliyinin, həm də həkimlərin üz cizgilərindəki dartan, yırtan komponentləri apaydın görünməkdədir. Adama deyərlər ki, cənab nazir Şirəliyev Oqtay, sən doğrudanmı hələ də xəstəxanalara lazım olan dərman ləvazimatlarının, preparatların qədərini bilmirsən? Nədən xəstəxanalar tam şəkildə təmin olunmur ki, həkimlər də “ciblərindən pul xərcləyirlər”?
YAXUD, adama deyərlər ki, cənab həkim, sənin nə marağın var ki, aldığın “cüzi maaş”dan xəstənin təminatlarını ödəmək üçün xeyirxahcasına öz “Hatəmliyini” göstərirsən?....
Qeyd: Mövzuya qayıdacağıq. 3 saylı şəhər xəstəxanasının yetkililərini dinləməyə hazırıq
(Milletinsesi.az)