Nə qədər acınacaqlı olsa da, bu gün Azərbaycanda bir çox neqativ hallar hələ də mövcuddur. Bilərəkdən, ya da bilməyərəkdən qanunvericilikdə yaradılan boşluqlar birbaşa həmin neqativ halların ortaya çıxmasında əsas rol oynayır. Səlahiyyətlərin bölüşdürülməsi, vəzifələrin müəyyənləşdirilməsi baxımından təqdim olunan sxemdəki ziqzaqlar sonucda məmur özbaşınalığı, problemə sayğısız münasibət. vətəndaşla dövlət arasında uçurumun yaradılmasına gətirib çıxarır. Və problem də yerində saymaqda davam etməklə həmin uçurumları daha da dərinləşdirir.
Mətbu müstəvidə dərinləşən uçurumlar sırasında SURAXANI rayonunun ərazisi də fəlakət zonasına aid edilir. Gerçək həqiqətləri təqdim etmək, bizə olunan müraciətlərdə sosial problemlər məngənəsində can çürüdən sakinlərin iradlarına aydınlıq gətirmək üçün SURAXANI RAYON İCRA HAKİMİYYƏTİnə üz tutduq.
“Dədə Qorqud” adlanan ərazi sakinlərinin bir qisim iradlarını qəbul etdiyini bildirən Suraxanı rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri BARXUDAR BARXUDAROV bizimlə söhbətində belə kateqoriyadan olan məsələlərə münasibətdə həm neqativ, həm də pozitiv mövqedən çıxış etməyin vacibliyini vurğuladı. Barxudar müəllimə ““neqativliyi” sakinlərin dilindən eşitmişik, “”pozitivliyin” sübutunu sizin təqdimatınızda görmək istəyirik” deyəndə aşağıdakıları bildirdi: “Öncə onu deyim ki, 2005-ci ilə qədər Suraxanı rayonunda kanalizasiya sistemi olmayıb. Sonradan Əmircan və Yeni Suraxanı qəsəbələrində çəkilən kanalizasiya xətti, su təsərrüfatı sisteminin yeniləşdirilməsi inkişafımızdakı, yollarda, parklarda abadlıq içlərinin aparılması pozitib çalarlardandır. 2006-2007-ci illəri əhatə edən Bakı və ətraf kəndlərin iqtisadi inkişaf proqramının qəbul olunmasından sonra həmin dövrdə əhalinin su təminatında, kanalizasiya sistemində, yolların abadlaşdırılmasında, elektrik sisteminin yeniləşdirilməsində xeyli işlər görüldü. Sonra 2011-2013-cü illəri əhatə edən iqtisadi inkişaf proqramı çərçıvəsində də bu işlər davam etdirildi və bu işləri elə həmin “Azərsu” edib. Sonuncu 2014-2016-cı illəri əhatə edən proqram əsasında da sosial problemlərin aradan qaldırılması istiqamətində əsaslı addımlar atılmaqdadır”.
“Dədə Qorqud adlanan ərazidə də sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi həmin proqramda nəzərdə tutulubmu?” sualına icra yetkilisi “bu işləri rayon icra hakimiyyəti deyil, başqa instansiyalar həyata keçirirlər” –deyə, cavab verdi: “Bütün sosial xarakterli problemlərlə bağlı rayon icra hakimiyyəti Azərbaycan Respublikası Prezident Adminstrasiyasını mütəmadi olaraq məlumatlandırır, özünün təkliflərini verir, sonradan bu təkliflər araşdırılır və proqram tərtib olunur”.
PROQRAMINN İCRASI məsələsinə toxunan Barxudarov bunun aidiyyatı mərkəzi icra orqanları tərəfindən həyata keçirildiyini bildirir: “Tutaq ki, su və kanalizasiya sistemiylə bağlı problemlər “Azərsu”ya, işıqla bağlı problemlər “Azərişıq” təşkilatına, qazla bağlı problemlər ARDNŞ-a həvalə olunur və sair”.
Elə isə bu icra strukturlarının saxlanılmasına bunca pullar nədən sərf olunur, bu strukturun işinin adı nədir? Barxudarovun fikrincə. Icra strukturlarının üzərinə düşən vəzifələr sırasında həmin mərkəzi icra orqanlarıyla davamlı əlaqələr qurmaq, proqramların icra olunması üçün həmin qurumlarla birgə qərargahlar formalaşdırmaq, mütəmadi olaraq görülən işlərlə bağlı müzakirələr aparmaq və bir sıra cari işləri zamanında yerinə yetirmək kimi məsələlər əsas yerlərdən birini tutur: “Mən görülən işlərə istinadən deyə bilərəm ki, əvvəkl hər iki proqramın yerinə yetirilməsində Suraxanı rayonu Bakının bütün rayonlarından öndə olub, işlər 99 faiz yerinə yetirilib. Bu da bizimlə həmin strukturların qarşılıqlı və səmərəli fəaliyyəti nəticəsində mümkün olub”...
“Necə 99 faiz yerinə yetirilib ki, hələ də “Dədə Qorqud” adlanan ərazinin nə yolu var, nə kanalizasiyası var, nə istirahət obyektləri var, nə əməlli-başlı marşrutu var, nə də əhalinin dayanmağa dayanacağı!?” Bu suala yanaşmada da Barxudar müəllim optimist mövqedən çıxış edir: “Həmin ərazidə kanalizasiya sisteminin qurulması mənim bildiyimə görə “Azərsu”nun maliyyə imkanlarının olmamasıyla bağlıdır. Biz dəfələrlə “Azərsu”ya bildirmişik ki, həmin işlər davam etdirilməlidir. İndi də gözləyirik ki, “Azərsu” maliyyə məsələsini həll edən kimi bu işə başlayacaq. Əgər başqa rayonlarda su və kanalizasiya sistemində hansısa bir iş görülürsə, ancaq Suraxanı rayonunda bu məsələ dondurulmuş halda qalıbsa, onda biz “Azərsu”dan nəyisə tələb edə bilərik. Faktiki olaraq belə bir yanaşma da mövcud deyil. “Azərsu” ilə bizim ilişgilərimiz çox yüksək səviyyədədir, inanıram ki, maliyyə məsələsi öz həllini tapan kimi “Dədə Qorqud adlanan ərazidə bütün problemlər dərhal öz həllini tapacaq”.
Bərbad vəziyyətə olan şüşəli dayanacaqlar, işıq dirəkləri və parklarla bağlı məsələyə toxunan icra yetkilisi bu məsələdə haqlı olaraq əhalinin özünün laqeyd münasibətindən ürək ağrısıyla danışır: “Vallahi bu insanları da başa düşmək olmur. Axı yaradılan nə yaxşı şey varsa, yerli camaatın rifahı naminə edilir. Ancaq elə həmin əhalinin ətrafında baş verənlərə soyuq münasibətini görəndə adamın işdən də əli soyuyur”....
Qəsəbədaxili yolların bərbad gündə olmasını da Bərxudar müəllim su və kanalizasiya sistemindəki çatışmazlıqlarla bağlayır: ““Azərsu” qazdığı yerə asfalt də döşəməlidir, ancaq bir çox hallarda şahidi oluruq ki, vurulan asfalt lazımi keyfiyyətdə olmur. Ona görə də məsələ qəti qoyulub ki, öncə su və kanalizasiya sistemi qurulmalı, bundan sonra asfalt örtüyünə qol qoyulmalıdır. Əvvəlki proqramlardan fərqli olaraq 2014-2016-cı il proqramında “Dədə Qorqud” deyilən ərazidə də su, kanalizasiya sisteminin yaxşılaşdırılması nəzərdə tutulub. Daxili imkanlarımız da yoxdur. Bizə ancaq işçilərin əmək haqqı üçün vəsait ayrılır, əlavə işlər görmək üçün bizim daxili vəsaitimiz yoxdur. Dediyim kimi biz ancaq təkliflər veririk, o təkliflərin gerçəkləşməsi üçün vəsaitsə aidiyyatı strukturlara ayrılır”.
Sonda “niyə bu vaxta qədər haqqında danışılan qəsəbənin heç rəsmi adı belə yoxdur?” sualını cavablandıran Barxudarov bu məsələdə də əhalinin torpaq almaq istəyində təkidli davranışından və verilən təkliflərə baxılmamaqdan gileylənir: “Adam həmin ərazidən zamanında torpaq istəyib, başa salanda ki, o ərazinin adı belə yoxdur, heç bir infrastruktura malik deyil, yenə də təkid edir, ancaq ora köçən kimi tələblərlə çıxış edir. “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinin adının rəsmiləşdirilməsiylə bağlı biz öz təkliflərimizi Hazirlər Kabinetinə vermişik, qərarsa aidiyyatı strukturlardan asılıdır. Qaldı ki, dayanacaq məsələsinə, buna da Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti baxır. Bununla bağlı biz də öz tərəfimizdən rayonun aidiyyatı strukturuna göstəriş vermişik ki, həmin qurumla əlaqə saxlayıb, təkliflərini versinlər. Məndə olan məlumata görə hardasa 10-dan artıq belə dayanacaq artıq alınıb və lazım olan yerlərdə quraşdırılacaq”...
YERİ GƏLMİŞKƏN, biz qəsəbəyə baş çəkərkən Nuh əyyamından qalma həmin dayanacaqlardan birinin orada quraşdırılmasının da şahidi olduq...
VƏ İNDİSƏ HAŞİYƏLƏRDƏN BİRİNCİSİ: Barxudar müəllimin “Dədə Qorqud” adlanan əraziylə bağlı sonuncu proqramda “nəzərdə tutulub” ifadəsinə bir düzəliş. Bu qəsəbəyə su 2011-2013-cü il proqramı çərçivəsində çəkilib və “Azərsu” yetkililəri dekabr ayında kanalizasiya xəttinin çəkilişinə başalayacaqlarını bildiriblər..Ancaq...ANCAQ hələ də “əhali kanalizasiya quyularını təmizlətdirmək üçün xüsusi maşınlara hər 20 gündən bir 30 manat pul verirlər. Bir az imkanı olanlarsa kanalizasiya sularını xüsusi xətlərlə ARDNŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milyonlar xərcləyərək təmizlədikləri dərəyə axıdırlar. Həmin milyonlar kanalizasiya suyunun altında qalır və bu. Aidiyyatı strukturların gözü qarşısındaca baş verir”.
İKİNCİ HAŞİYƏ: proqramda su və kanalizasiya xəttinin çəkilişi eyni vaxtda nəzərdə tutulursa, “Azərsu” və bu kateqoriyadan olan “təşkilatlarla birgə yaradılan icradakı qərargah” hansı maraqlar ucbatından işin birinin arxa plana keçməsinə göz yumur?
ÜÇÜNCÜ HAŞİYƏ: Prezident Adminstrasiyası, Nazirlər Kabineti özfəaliyyətin belə nömrələrilə bağlı məlumatlandırılıbmı?
DÖRDÜNCÜ HAŞİYƏ: Proqram tərtib edilibsə, təbii ki, həmin işin görülməsi üçün büdcədən pul da ayrılıb. Elə isə görülməyən işlər və ayrılan pulun aqibətiylə bağlı hansı “qərargah” cavab verməlidir?
BEŞİNCİ HAŞİYƏ: “Azərsu“ “Dədə Qorqud” adlanan əraziyə su xəttini çəkəndə hələ məlum devolvasiya baş verməmişdi, elə isə dövlət tam haqlı olaraq “bəs pullar hanı?” deyə öz tələbini irəli sürə bilər. Və dövlətin pulunun yerlərdə xərclənməsiylə bağlı hesabatların tərtib olunmasına əgər səlahiyyəti yetirsə, “qərargah”ın yanaşması necə olub?
ALTINCI HAŞİYƏ: Keçirilən yarışlar fonunda dünyanı mat qoyan, “Qafqazın ən inkişaf etmiş ölkəsi” olan Azərbaycanda ortaya çıxan problemləri maliyyə imkansızlığıyla bağlamağın kökündə hansı həqiqətlər dayanır və məsələyə belə yanaşma ictimai fikrin oturuşmasında hansı gücü özündə ehtiva edir?...
YEDDİNCİ HAŞİYƏ: Görən Milli Məclisdə Suraxanı rayonunu təmsil edən deputatların "Dədə Qorqud" deyilən ərazidən xəbərləri varmı? Görən nə vaxta qədər buranın əhalisi adsız məhəllənin sakinləri tək yaşayacaqlar? Zahid Oruc kimi deputatları Oqtay Əsədov anındaca cəzalandıra bilir. töhmət verdirir, bəs Oqtay Əsədovun özü nədən bu xalqa xidmət etmənin nümunəsini göstərə bilmir. 20 ilə yaxındır ki, bir qəsəbə adsız-filansız can çürüdür. Budurmu xalqa xidmətiniz, cənablar! Dövlət başçımız hər zaman və hər yerdə fəxrlə vurğulayır ki, xalqın bir nömrəli xidmətçisi mən özüməm. Biz də xalqın xidmətindəyik. Əməllərinizə rəğmən bəs siz kimsiniz?...
Diqqətdə saxlayacağımız bu mövzuyla bağlı cavabdeh qismində göstərilən “Azərsu” yetkililərini, eləcə də adları hallanan digər strukturları da dinləməyə hazırıq.
"Milletinsesi.az"