Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbinə (BANM) səfər edib və Ali Məktəbin rektoru Elmar Qasımov və professor-müəllim heyəti ilə görüş keçirib.
Daxil olan məlumata görə, görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Hər iki ölkənin ortaq dəyərlərinin mövcudluğunu vurğulayan rektor, xüsusilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu qeyd edib. Neft-qaz, kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında Ali Məktəbin rolunu qeyd edən rektor tələbələrimiz üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin də əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından bəhs edib. O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən Petronas şirkətinin də bu sahədə mühüm töhfə verə biləcəyini bildirib.
Rektor Elmar Qasımov bir çox digər sahələrlə yanaşı, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını deyib. Rektor, həmçinin BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək malayziyalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Səfir Roslan Abdul Rahman Ali Məktəbə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Malayziya və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin ikitərəfli münasibətlərin qurulması istiqamətində hərtərəfli dəstək göstərəcəyini deyib.
Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.