Dövlət büdcəsinin gəlirləri 43% azalıb. Büdcədə gərginlik sürətlə böyüməkdədir. Büdcəyə mart ayında 1,296 milyard manat, aprel ayında 1,036 milyard manat, may ayında isə 740 milyon manat vəsait daxil olub. Göründüyü kimi mart ayı ilə müqayisədə büdcəyə daxilolmalar aprel ayında 260 milyon manat, may ayında 555 milyon manat azalıb. Aylıq azalma həcmi 2 aya 21 faizdən 43 faizə yüksəlib.
Cari ilin yanvar ayı ilə müqayisədə azalma faizi daha yüksəkdir.
“Yanvar-may” gedişatı ilə ilin sonuna kimi 17-18 milyardlıq dövlət büdcəsinə 13 milyard manat toplamaq mümkündür. Odur ki, bundan sonra dövlət büdcəsinin xərc bölməsi üzrə nəzərdə tutulmuş hökumət öhdəliklərini yerinə yetirmək daha da çətinləşəcək. Onsuz da ixtisar edilmiş xərclər daha da azalacaq. Büdcəyə əlavə pul vəsaiti cəlb etməyin asan yolu kimi növbəti devalvasiya qərarı verilə bilər. Belə avantüraya yol verməmək naminə sahibkarların sıxışdırılmasına, sahibkarlıq fəaliyyətinin buxovlanmasına, habelə belə hallara gətirib çıxara biləcək hər cür addımlardan uzaq durulmalıdır. İlk növbədə Vergi və Gömrük orqan əməkdaşlarını sahibkar ünvanlarına aparan qaranlıq yollar təcili şəkildə qapadılmalıdır. İqtisadiyyatı çökdürən monopoliya durdurulmalı, korrupsiya mexanizmi təcili şəkildə dağıdılmalıdır…