Ötən günlərdə yazmışdıq ki, Bərdənin icra başçısı Vidadi İsayev aprel müharibəsi zamanı şəhid olmuş rayon sakinlərinin ailələri üçün idarə və müəssisə rəhbərlərindən pul yığıb. Bu barədə JAM.AZ-a verilən məlumatlarda vurğulanırdı ki, icra başçısının tələbinə uyğun olaraq idarə və müəssisə rəhbərlərindən 300-500 manat məbləğində pul alınıb. Halbuki bu məsələdə dövlət büdcədən kifayət qədər vəsait ayırmışdı.
JAM.AZ-a verilən məlumata görə, analoji addımı Zərdabın icra başçısı Lütfəli Babayev də atıb. Rayon sakinlərinin bildirdiyinə görə, şəhid ailələrinə yardım məqsədiylə icra başçısı bütün idarə və müəssisə rəhbərlərindən 100-300 manat aralığında pul toplatdırıb. Amma rayon sakinləri deyirlər ki, Vidadi İsayevdən fərqli olaraq, Lütfəli Babayev yığılan pulları şəhid ailələrinə verməyib. Onların iddiasına görə, icra başçısı həmin pulları şəxsi məqsədləri üçün istifadə edib.
Daxil olan məlumatlarda o da vurğulanır ki, Zərdabın Şəhidlər Xiyabanı da bu ərəfədə yararsız hala düşməyə başlayıb. Camaatın bildirdiyinə görə, uzun illərdən bəri Şəhidlər Xiyabınında heç bir təmir və bərpa işləri aparılmayıb. Etinasızlıqdan dolayı yaranmış problemləri aradan qaldırmaq üçün Zərdab İcra Hakimiyyətinə edilən müraciətlərə isə cavab verən olmayıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.