Məlahət Mürşüdlü: “Orta ixtisas təhsil müəssisələrinin diplomlarına etimad yoxdur”
Orta ixtisas təhsili müəssisələri xidmət sahələri üçün kadr hazırlığı işini həyata keçirir. Təbii ki, söhbət keyfiyyətli kadrlardan gedir. Amma hazırda fəaliyyət göstərən bəzi kolleclərdə təhsilin keyfiyyəti heç d əqənaətbəxş deyil. Məsələnin digəri tərəfi isə məzunların gələcəkdə iş problemidir. Yəni, hazırda orta ixtisas təhsili müəssisələrinin bəzilərinin diplomları tanınmır. Bu amil isə sonda tələbinin iş tapa bilməsində əngəllik yaradır.
Təhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, bu, ilk növbədə zamana bağlı olan məsələdir: "Bir zamanlar orta ixtisas kadrlarına böyük ehtiyac var idi. O vaxtı ali məktəblər kifayət qədər kadr hazırlamırdılar. Sonradan beynəlxalq təhsil sisteminə inteqarasiya etdikdən sonra təhsilin pillərində müəyyən dəyişiklik əmələ gəldi. Ali məktəbləri iki hissəyə - bakalavr və magistratura pillələrinə böldülər. "Təhsil qanunu”na əsasən bakalavr peşə ixtisası, magistr pilləsi isə elmi ixitsas verir. Amma hazırda əmək bazarında bakalavrdan çox magistrlara üstünlük verilir. Yəni, bu gün bəzən bakalavrların işlə təmin olunmasında problemlər yaranır. Bu fonda kollec təhsili üçüncü dərəcəli kimi görünür”.
Ekspert qeyd etdi ki, müstəqillikdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də boşluqlar əmələ gəldi: "Nəticəsə həddən artıq bir-birini təkrarlayan kolleclər əmələ gəldi. Ancaq artıq bu istiqamətdə də müəyyən iş görülməyə başlanılıb. Bu gün dünyada kolleclərin ayrıca fəaliyyət göstərməsi təcrübəsindən istifadə olunmur. Kolleclər unversitetlərin tərkibindədir. Bizdə də bu istiqamətdə islahatlar aparılır. Təkrar kolleclərin müəyyən qismi bağlanıb. Müəyyən kolleclər də universitetlərin nəzdinə verilib. Bu istiqamətdə işlərin aparılması düzgün mövqedir. Bu, həm idarəetmədə mobillik yaradacaq, həm də əlavə məsrəfləri aradanqaldıracaq. Bu, dövrün tələbinə bağlı olan məsələdir.
Sovet dövründə, qiyabi, axşam məktəbləri var idi. Çünki, buna tələb, ehtiyac var. İndi isə dövr dəyişib. Nəzərə alaq ki, qiyabi, axşam təhsilin keyfiyyəti formal xarakter daşıyır. Artıq qiyabi təhsil üzrə bəzi fakültələrin bağlanması, eyni zamanda distant təhsilə keçid nəzərdə tutulub. Yəni, bu problem elmi-texniki tərəqqinin inkişafı, dünya təhsilinə inteqrasiya ilə bağlı olan məsələdir. Ümumiyyətlə, dövrümüzdə orta ixtisas təhsilinə ehtiyac azalıb. Orta ixtisas təhsilli iş sahələr azdır. Buna görə də həmin şəxslər iş tapmaqda çətinlik çəkirlər. Düzdür, müəyyən orta ixtisas, peşə təhsilinə böyük ehtiyac var. Amma optimallaşdırma, rasionallaşdırma baxımından idarəetmədən təkmilləşdirmə işləri aparılmalıdır”.
Təhsil məsələləri üzrə digər ekspert Məlahət Mürşüdlü bildirdi ki, hazırda şirkətlərin əksəriyyəti işə qəbulu müsabiqə yolu ilə həyata keçirir: "Kompaniyalar tərəfindən isə həmin təhsil müəssisələrinin diplomları qəbul edilmir. Ona görə də orta ixtisas təhsil müəssisələrinin diplomları ilə işə qəbul yox dərəcəsindədir. Yəni, orta ixtisas təhsil müəssisələrinin diplomlarına etimad yoxdur. Sözsüz ki, kolleci bitirmiş ilə ali məktəbi bitirmiş şəxs arasına fərq olmalıdır”.
Məlahət Mürşüdlünün fikrincə, kolleclər bağlanmalıdır: "Azərbaycan boyda ölkə üçün bu qədər kolleclərin olması çoxdur. Yaxud da kollecləri bitirənlər təhsillərini davam etdirməlidirlər. Yəni, həmin ixtisasları üzrə ali təhsil almalıdırlar. Bu gün cəmiyyət elə qurulub ki, diplomla yanaşı, şəxsə etibar da lazımdır. Hazırda işsizlər sırasında məhz orta ixtisas təhsili almış insanlar da daxildir”.