Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərova yeni vəzifə verilib.
Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bununla bağlı Fazil Məmmədov şəxsən əmr imzalayıb. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədova müavin təyin edib. Özü də icra başçısının oğluna vəzifə ilə yanaşı mayor və kiçik vergi müşaviri rütbələri verilib.
Kiçik vergi müşaviri olmayan birinə birdən-birə bu qədər böyük vəzifəyə təyin edilməsi birmənalı qarşılana bilməz. Amma onun bir nazirin bacısı oğlu, Bakının böyük bir rayonun icra başçısının oğlu olmasını nəzərə alsaq, bu təyinatda qəribə heç nə yoxdur. Məmur övladlarının və qohumlarının xüsusi imtiyazlara sahib olduğu Azərbaycanda bu kimi hallarla az qala hər gün rastlaşırıq. Bu da onlardan biri...
Qeyd edək ki, ötən ilin sonlarında Elnur İsgəndərovla bağlı mediada bəzi məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Xaləddin İsgəndərov İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində bu quruma heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verib. Binəqədidə icra başçısından sonra ikinci şəxs məhz Elnur İsgəndərov hesab edilir. Rayon ərazisində tikinti üzrə bütün işlər onun nəzarətində aparılır. İş görmək istəyən hər kəsə "kiçik İsgəndərovun” telefon nömrəsi verilir. Elnur İsgəndərovun Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 nəfər işçisi var. Bu şəxslər həmin ərazidə tikinti aparan şəxslərdən pul alaraq birbaşa icra başçısının oğluna çatdırır. Hətta kimsə həyətində tikinti işi görürsə, Elnur İsgəndərov əmisi oğlu Valeh İsgəndərovu həmin əraziyə yollayaraq məlumatı öyrənir. Əgər həmin şəxs pul vermirsə, Valeh İsgəndərov və dostları müdaxilə edirlər. Valeh İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutur.
Qeyd edilirdi ki, Elnur İsgəndərov tikinti sahəsi ilə yanaşı "paket” (yəni qeyri-formal maaş) işinə də baxır. Yaxşı işləyənlərə daha qalın "paket” verirlər ki, Elnur İsgəndərov bununla da öz əliaçıqlığını göstərir. Binəqədidə demək olar ki, hər daşın altında onun əl var. Onun izni olmadan Binəqədidə nə tikinti, nə də başqa iş görülməsi, sadəcə, mümkün deyil.